AZ

Abu-Dabi sammitində yekun sülh müqaviləsi imzalanacaq?- TƏHLİL

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bir araya gələcək. Bu görüşlə bağlı bir sıra iddialar səsləndirilməkdədir. Heç şübhəsiz, tərəflər arasında birbaşa yüksək səviyyəli təmasların olması sülhə doğru irəliləməyə imkan verir.
Abu-Dabi görüşündə aydın məsələdir ki, bir çox mövzular müzakirə predmeti olacaq. Kommunikasiyaların açılması, diplomatik münasibətlərin qurulması, viza rejimi və sair məsələlərin müzakirəsi gözlənilir. Lakin düşünmürəm ki, Abu-Dabi sammitində yekun sülh müqaviləsi imzalanacaq.
Niyə? Məsələn, bir neçə gün öncə beynəlxalq mediaya müsahibə verən Prezidentin köməkçisi Hikmət Hacıyev iki ölkə arasında sərhəddə sülhün təmin olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün Azərbaycanın əsas tələblərini bir daha qeyd etdi. Bu tələblər ATƏT-in Minsk qrupunun buraxılması, Ermənistanın müstəqillik aktı və konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlıdır.
Son günlərdə Ermənistanda da yeni konstitusiyanın müzakirələri genişlənib. Ermənistan rəsmiləri bildirirlər ki, yeni layihə yaxın zamanlarda ictimai müzakirəyə təqdim olunacaq. Bu müzakirələr və tələb olunan referendum üçün Ermənistana təqribən 9 ay lazım ola bilər. Yəni, 2026-cı ilin aprelin sonuna qədər rəsmi İrəvan bu prosesi başa çatdıra bilər ki, bu da mövcud situasiyada Azərbaycan üçün məqbul sayılır.
Onsuz da Ermənistanda növbəti seçkilərə cəmi 9-10 ay qalmış sülh müqaviləsinin imzalanması Azərbaycan tərəfindən riskli hesab edilə bilər.
Niyə? Çünki bu tip sənədlərin imzalanmasından sonra parlamentdə ratifikasiya olunması, hətta bəzən konstitusiyaya uyğunluğunun yoxlanması üçün Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olunur. Əgər Ermənistan bu prosedurları seçkilərə qədər tamamlaya bilməsə və növbəti seçkidə Paşinyan və komandası hakimiyyətdə qala bilməsə, onda sülh prosesi dalana dirənə bilər. Buna görə də, Azərbaycan tərəfi sülh müqaviləsinin yeni konstitusiya qəbul edildikdən və legitimlik qazanmış yeni hökumət formalaşdıqdan sonra imzalanmasında maraqlıdır.
Bu halda Paşinyan seçkilərdə etimadı yeniləsə, onun imzaladığı sülh müqaviləsinin müddəalarının yerinə yetirilməsi üçün kifayət qədər siyasi vaxt və hüquqi baza olacaq.
Digər tərəfdən, Paşinyan və komandası sülh müqaviləsini arzulasa da, onun məhz Abu-Dabidə imzalanması hazırkı şəraitdə onların maraqlarına uyğun deyil. Çünki Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. Paşinyanla Kilsə və Paşinyanla oliqarxlar arasında mübarizə pik həddə çatıb. Belə bir vaxtda Abu-Dabidə sülh müqaviləsi imzalanarsa, Paşinyan İrəvana qayıtdıqda bu cinayətkar klanın əlinə əlavə bəhanə vermiş olar və nəticədə müqavilənin parlamentdən keçməsi çətinləşə bilər. Bu da sülh prosesinin seçkilərə qədər başa çatdırılmaması ilə nəticələnə bilər.
Abu-Dabidə tərəflər ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə bəyanat da qəbul edə bilərlər. Bu məsələnin həlli üçün parlamentin razılığı və ya Konstitusiya Məhkəməsinin qərarı tələb olunmur. Belə bir qərar qəbul olunarsa, 9 ay ərzində tərəflər Minsk qrupunun çağırılmasını tələb edə və bu strukturun yekdil qərarı ilə onun rəsmi şəkildə buraxılmasına nail ola bilərlər. Bu da sülh müqaviləsinə gedən yolda daha bir maneənin aradan qaldırılması demək olar.
Bundan əlavə, Abu-Dabi görüşündə tərəflər arasında müəyyən humanitar əlaqələrin qurulması istiqamətində də addımların atılması mümkündür.
İstənilən halda tərəflərin vasitəçilərsiz görüşlərinin rutin xarakter alması böyük sülhə gedən yolu həm qısaldır, həm də sürətləndirir. Abu-Dabi görüşü həlledici dönüş nöqtəsi olmasa da, strateji yol xəritəsində mühüm bir mərhələdir.
Aqil Məmmədov, siyasi ekspert
Seçilən
27
news365.az

1Mənbələr