AZ

Eksperimental cərrahi robot öd kisəsi əməliyyatını avtonom şəkildə həyata keçirir

Bakı, 10 iyul, AZƏRTAC

Tədqiqatçılar bildiriblər ki, süni intellektlə idarə olunan eksperimental robot ümumi öd kisəsi əməliyyatının zərif, mürəkkəb mərhələsini müstəqil şəkildə yerinə yetirə bilir və bu, avtomatlaşdırılmış tibbi prosedurlara doğru böyük bir addımdır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, mövcud cərrahi robotlar cərrahlar tərəfindən uzaqdan idarə olunur. Tədqiqata rəhbərlik edən Baltimordakı Con Hopkins Universitetinin əməkdaşı Aksel Kriger bildirib ki, yeni sistem müstəqil qərarlar qəbul etmək üçün süni intellektdən istifadə edir və əməliyyatlar zamanı gözlənilməz fəsadlara uyğunlaşır. O, robotu “istənilən yolda, istənilən şəraitdə hərəkət edə bilən, qarşılaşdığı hər problemə ağıllı cavab verən” avtonom avtomobilə bənzədib. Alim əlavə edib: “Bu irəliləyiş xüsusi cərrahi tapşırıqları yerinə yetirə bilən robotların cərrahi prosedurları həqiqətən başa düşməsi deməkdir”.

Tədqiqatçıların “Science Robotics” jurnalında dərc etdirdiyi məqalədə qeyd olunur ki, SRT-H robotu donuz cəsədlərində öd kisəsini çıxarıb və bu zaman cərrahların videolarından istifadə edərək səslə idarə olunan imitasiya öyrənməsi kimi tanınan süni intellekt çərçivəsi vasitəsilə hərəkət edib.

Robot sınaqlar zamanı səkkiz müxtəlif donuz öd kisəsi və qaraciyəri əməliyyat edib. Testlərdəki donuz orqanları və qan damarları görünüş və anatomiya baxımından geniş şəkildə fərqlənir və insan əməliyyatlarında rast gəlinən müxtəlifliyi əks etdirir. Amma robot əməliyyatlarda 100 faizlik dəqiqliyə nail olsa da, işi tez yerinə yetirmək baxımından insan cərrahından geridə qalır.

Kommersiyada mövcud olan cərrahi robotlar arasında 2000-ci ildə FDA-nın təsdiqini aldıqdan sonra qlobal miqyasda 12 milyondan çox prosedurda istifadə edilən “Vinci” cərrahiyyə sistemini istifadəyə verən “Intuitive Surgical's” da var. SRT-H-dən fərqli olaraq, “Vinci” sistemi öz hərəkətlərini uzaqdan idarə etmək üçün tamamilə insan cərrahlarına güvənir.

Seçilən
12
1
azertag.az

2Mənbələr