İyulun 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Kosalar kənd inzibati ərazi dairəsinin sakinləri ilə insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədilə növbəti səyyar görüş-qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Taleh Qaraşov qarşılıqlı etimad və inamın davamlı olması üçün münasibətlərdə birbaşa, vasitəsiz və maneəsiz dialoqun varlığının ən vacib məsələ olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, canlı mexanizim kimi dövlət hər zaman vətəndaşı ilə qarşılıqlı dialoq qurmaq marağındadır və cənab Prezident İlham Əliyevin də ali siyasi iradəsi sosial dövlət quruculuğu və insan amilinin ön planda olmasıdır.
Taleh Qaraşov dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşıldığını, dərindən təhlil edildiyini, qaldırılan məsələlərin ümumiləşdirildiyini, həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürüldüyünü qeyd edib. İcra başçısı səyyar qəbulda ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
Səyyar görüş-qəbulda Kosalar və Bala Şürük kəndlərinin sakinləri fikir və istəklərini sərbəst şəkildə bildiriblər. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.