AZ

Azərbaycana dəvə əti nə üçün idxal olunur?


Akif Nəsirli: “Dəvə əti ölkədə məşhur ət olmasa da, ondan istifadə edən bölgələr var”

Şimali Makedoniyanın Poloq regionunda blutanq xəstəliyi aşkar olunub. Bu xəstəliyin aşkar olunmasından sonra Azərbaycana dəvə əti idxalına qadağa tətbiq edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bu barədə yaydığı məlumat sosial şəbəkələrdə geniş maraq doğurub. Belə ki, vətəndaşlar “Azərbaycanda dəvə ətini kimlər yeyir”, “Bu ət harada və necə istifadə olunur” kimi suallar səsləndirirlər. Məlumatın məhdud olması isə mövzu ətrafında qeyri-müəyyənlik yaradıb.

Qeyd edək ki, dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılıb. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub.

Maraqlıdır, Azərbaycana dəvə ətinin idxalı hansı məqsədlərlə həyata keçirilir? Əhalinin gündəlik istehlakında geniş yayılmayan bu ət növü ölkəyə hansı ehtiyaclara uyğun olaraq gətirilir?

“Dəvə əti müalicəvi olaraq da istifadə olunur və qiyməti də mal ətindən bahadır”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dəvə əti az da olsa Azərbaycanda istehlak edilir: “Məlumdur ki, ölkədə dəvə qutabı hazırlanır, bu işlə məşğul olan qutabxanalar var. Həmçinin onu da deyim ki, ölkə daxilində az da olsa dəvə istehsalı mövcuddur. Dəvə əti ölkədə məşhur ət olmasa da, ondan istifadə edən bölgələr var. Onu da deyim ki, dəvə əti dana ətindən bir neçə dəfə yüksək keyfiyyətə malikdir. Bu ətin tərkibində olan vitaminlərin qida dəyərliliyi yüksəkdir. Hətta dəvə əti müalicəvi olaraq da istifadə olunur və qiyməti də mal ətindən bahadır. Hazırda dəvə ətinin bir kiloqramının qiyməti təxminən 30 manata yaxındır. Qeyd etdiyim kimi, dəvə əti olduqca sağlıqlı və faydalıdır, üstəlik, İslam dini də bu əti məqbul hesab edir”.

Günel CƏLİLOVA

Seçilən
78
50
baki-xeber.com

10Mənbələr