AZ

"Kiçik yaşlarımdan ürəyimdə ordumuza böyük sevgim olub"

Dövlət başçısının sərəncamı ilə iyul ayının 1-dən başlayaraq gənclər Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün böyük ovqatla ordu sıralarına yola düşürlər. 

Onlar İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı işğaldan azad etmiş şanlı Azərbaycan Ordusunun sıralarında xidmət keçəcəklər. Cəsur, mübariz, igid, qorxmaz zabit və əsgərlərimizin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcəklər. Xidmət müddəti ərzində üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələcəklər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Şəhərsalma fakültəsini yüksək nəticələrlə başa vurmuş gənc Raul Əliyev də bu gün ordu sıralarına yola düşən oğullardan biridir. Söhbət zamanı dedi ki, Vətənin hər birimizin ürəyində öz yeri var: "Buna görə də Vətənə xidmət etmək, onun keşiyində dayanmaq hamımızın  müqəddəs borcudur. Həmyaşıdlarımla bərabər mən də bu gün böyük həvəslə o borcu yerinə yetirməyə gedirəm. Hələ kiçik yaşlarımızdan Vətənin doğmalığının, onun gözəlliyinin, "Ana torpaq" kəlməsinin qəlbimizdə yaratdığı istiliyi dərindən duyuruq, hiss edirik. Qoynunda dünyaya göz açdığımız torpağın üstündə addımladıqca qollarımıza qüvvət, ürəyimizə təpər gəlir. Böyüdükcə dərindən dərk edirik ki, biz bu ölkənin vətəndaşlarıyıq, bu torpağın övladlarıyıq. Bütün varlığımızla, bütün qətiyyətimizlə bu yurda, bu torpağa, ana Vətənimiz - Azərbaycanımıza bağlıyıq. Yaxşı xatırlayıram ki, yeniyetməlik və gənclik illərində təhsil aldığım məktəbdə  keçirilən "Üfüqdə parıltı", "Şahin", "Cəsurlar" hərbi vətənpərvərlik və  turizm oyunlarında fəal iştirak edir, daim fiziki hazırlığımızı artırırdıq. Bu hərbi idman oyunlarında iştirak edərək özümüzü ordu sıralarına hazırlayırdıq. Müəllimlərimizin tez-tez təkrar etdikləri:  "Deməyin Vətən mənim  üçün nə edib, deyin ki, mən Vətən üçün nə etmişəm!" sözləri əbədi olaraq yaddaşımıza yazılıb. Bu sözlər bizim həyat amalımıza çevrilib. Müəllimlərimizin dönə-dönə söylədikləri həqiqətən çox dəyərli və qiymətli sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da, dirçəldən də bizlərik, onun övladlarıyıq. Vətənin hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Bu gün çox qürurluyam ki, Vətənə əsgər olmağa, hamımız üçün müqəddəs və əziz olan torpaqlarımızın keşiyində dayanmağa, onu düşmənlərdən qorumağa gedirəm". 

Söhbət zamanı onu da öyrəndik ki, Raul Əliyev hərbçi ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından hərbi marş və mahnıların sədalarını eşidə-eşidə böyüyüb. Atası, ehtiyatda olan zabit Bəxtiyar Əliyev həm Birinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində iştirak edib, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Bu gün də hərbi sahədə çalışır. 

- Həyatı dərk edən gündən atamı hərbi geyimdə görmüşəm, - deyə Raul Əliyev sözə başladı: 

- Ona görə də hələ kiçik yaşlarımdan ürəyimdə doğma ordumuza, hərbi formaya böyük sevgi və məhəbbət oyanıb. İndi hərbi xidmətə də bu sevgi və məhəbbətlə gedirəm. Uzun illər idi ki, xalqımız torpaqlarımızın işğaldan azad ediləcəyi, şəhidlərimizin qisasının alınacağı, qaçqınların doğma ocaqlarına dönəcəyi, ordumuzun düşmən üzərində Zəfər çalacağı günləri gözləyirdi. Çox şükürlər olsun ki, xalqımız illərdən bəri arzuladığı günü gördü. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında  düşmən diz çökdürüldü, 30 ilə yaxın işğalda qalmış ərazilərimiz qəsbkarlardan təmizləndi.  Zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində qazanılan möhtəşəm zəfərlər, qələbələr nəticəsində  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa  işğaldan azad olundu. 44 gün ərzində səngiməyən döyüşlərdə Ermənistan silahlı qüvvələrini darmadağın etdi, işğalçıları torpaqlarımızdan qovdu. 

Bu gün xalqımız sevinc içində, fərəh dolu günlər yaşayır. Bu Zəfərə, bu qələbəyə görə  biz hamımız Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Vətən müharibəsinin getdiyi günlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi, ordusunun, zabitinin, əsgərinin yanında oldu. Vətən müharibəsində qələbənin, zəfərin qazanılmasında gənclər də böyük hünər və qəhrəmanlıq göstərdilər. Biz bu cəsur oğullarımızla fəxr edirik. Xalqımıza bu xoş günləri yaşadanlara eşq olsun! Bu gün biz gənclər də böyük həvəslə doğma ordumuzun sıralarına yola düşürük. Xidmətimizin elə ilk günlərindən başlayaraq hərbi sirləri, döyüş vərdişlərini dərindən mənimsəyəcəyik. Müntəzəm olaraq keçirilən təlim-məşğələlərdə fəal iştirak edəcəyik. Torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacağıq. Yurdumuzu qorumağa daim hazır olacağıq. Çalışacağıq ki, Zəfər dolu günlərimiz davamlı olsun. Nümunəvi xidmətimizlə, qazandığımız uğurlarla xalqımzı sevindirməyə çalışacağıq.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr