AZ

Şəhid qardaşlar haqqında yazılmış kitabın təqdimatı olub

Masallı rayon Mərkəzi kitabxanasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" media mükafatçısı, yazıçı-publisist Firuzə Bəyməmmədqızının "İki əsgərin bir masalı" kitabının təqdimatı keçirilib. 

İctimaiyyət nümayəndələri, rayon ziyalıları və Masallı Regional Kollecinin tələbələrinin iştirak etdikləri tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin  xatirəsi birdəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Günay Xəlilova təqdimatı keçirilən kitabın canlarını Vətən uğrunda qurban vermiş şəhid qardaşların - Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin həyat və döyüş yoluna işıq saldığını diqqətə çatdırıb. Sonra rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev torpaqlarımızı işğaldan azad edən hər bir şəhidimizə göstərilən ehtiramdan, onların qəhrəmanlıqlarının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söz açıb.  Rayon icra hakimiyyətinin baş məsləhətçisi Nuranə Muradova vətənpərvərlik hissi ilə yazılan bu kitabın yazıçının uğurlu təşəbbüsü olduğunu, belə tədbirlərin və kitab təqdimatlarının gənc nəsildə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon təşkilatının sədri Ramiz Tağıyev isə çıxışında müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğala məruz qaldığını və belə çətin bir dönəmdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq ordu quruculuğuna başlaması, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz xalqımıza qələbə sevincini yaşatdığını bildirib. Pedaqoq Oqtay Həsənli, Əməkdar jurnalist Zakir Abbas, şairə Meysaba Aslanova və digərləri də çıxışlarında şəhid qardaşların xatirəsinə həsr olunmuş bu kitabın əhəmiyyətindən danışıblar. Çıxışlarda sənədli əsər olan kitabın tarixi hadisələrə işıq tutduğu qeyd olunub. Şəhid qardaşların anası Ziba Əsgərli ürək sözlərini dilə gətirərək uşaqlarını körpə yaşlarından Vətənə məhəbbət, düşmənə nifrət ruhunda böyütdüyünü bildirib. 

Tədbir çərçivəsində Ə.Niftiyev rəhbəri olduğu qurum adından müəllifə fəxri fərman təqdim edib. Müəllif qələmə aldığı kitab haqqında təəssüratlarını bölüşüb, təqdimatın təşkilatçılarına minnətdarlığını bildirib.

Seyran CAVADOV,

 "Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr