AZ

Hücum diplomatiyası əzmlə davam etdirilir

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə 9 iyul tarixi Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. Bu gün 106 yaşlı Azərbaycan diplomatiyası müzəffər lider, Prezident İlham Əliyevin rəhbərliyi altında özünün qızıl dövrünü yaşayır. Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan böyük Zəfərimiz hücum diplomatiyası müstəvisində də əzmlə davam etdirilir, regionda sülh və sabitlik uğrunda ləyaqətli mübarizə məhz ali siyasi iradənin direktivləri ilə diplomatlarımız tərəfindən ləyaqətlə icra olunur.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Azərbaycan" qəzetinə bildirib ki, Azərbaycan başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur və ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyəti kimi bəyan edir. Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərərək konstitusion niyyətə sədaqətini davamlı şəkildə nümayiş etdirir. Ölkəmiz qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilmiş bütün konvensiyaların iştirakçısı kimi qlobal təhlükəsizliyin təmin olunmasında iştirak edir, beynəlxalq təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri tam dəstəkləyir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatların dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynaya biləcəyinə ümid edərək cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət kursunda Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hesab edir ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, ölkəmizin milli maraqlarının qlobal siyasətdə müdafiəsi  üçün uğurlu platformaya çevrilə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayır. Təsadüfi deyil ki, hələ 2007-ci ildə qəbul edilən Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında universal və regional beynəlxalq təşkilatların mövcudluğu, inkişafı və müasir dünyada baş verən dəyişikliklərə uyğunlaşmasının ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edilir: "Azərbaycan 1992-ci ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir və BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT ilə əməkdaşlığı genişləndirir", - deyə Bəhruz Məhərrəmov əlavə edib.  

Deputat qeyd edib ki, Azərbaycan XXI əsrin problem və təhdidlərinə səmərəli cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədilə, o cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində islahatların aparılmasını dəstəkləyir. Ölkəmiz 2012-2013-cü illər üçün səsvermədə iştirak edərək 155 səslə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanıb, 2012-ci il mayın 1-dən isə BMT TŞ-yə sədrlik edib. 

Eyni zamanda Azərbaycan ATƏT-in yeni siyasi mühitdə oynadığı mühüm rolu nəzərə alaraq, təşkilatın səmərəliliyinin, xüsusən də onun prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin xoşməramlı niyyəti və fəal iştirakı şəraitində müvafiq islahatların aparılması yolu ilə onun rolunun artırılmasında maraqlı olduğunu nümayiş etdirib. Ölkəmiz habelə Avropa Şurası ilə əməkdaşlığı, Avropa xalqları ailəsinə inteqrasiyanı və Avropa standart və dəyərlərindən bəhrələnməni vacib istiqamət kimi müəyyən edib. Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan islam dünyasının tərkib hissəsi kimi İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyətinə Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər və xalqlar arasında dialoqa töhfə vermə imkanı kimi yanaşıb. Habelə Müstəqil Dövlətlər Birliyi, "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM",  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi təsisatlar ilə əməkdaşlığa iqtisadi, siyasi, hüquqi və humanitar sahələrdə münasibətlərin inkişaf etdirilməsi potensialı kimi baxmaqdadır. "Məlumdur ki, tarixi proseslərin sonrakı gedişatı tam fərqli mənzərə və reallıqlar ortaya çıxarıb. Ələlxüsus Vətən müharibəsi və antiterror tədbirləri artıq tam yeni geosiyasi konfiqurasiya demək idi. 8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə xalqımızın əzmini, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir. Məhz Zəfərimizlə Azərbaycan cənab 

İlham Əliyevin liderliyində ermənilərə, son yüz ildə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi. Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ilin 18 oktyabr tarixində baş tutan andiçmə mərasimində bəyan etmişdi ki, "Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bütün vasitələrdən istifadə edib Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq". Cənab İlham Əliyevin də 31 oktyabr 2003-cü ildə, andiçmə mərasimində Prezident kimi ilk çıxışında milli mənafe mövzusunda mövqeyi kifayət qədər korrekt oldu. "Bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 200 illik regional düyünün açılması, 30 illik işğala son qoyulması və mütləq qələbəyə nail olunması üçün Prezident İlham Əliyevə cəmi 17 il lazım oldu", - deyə siyasətçi bildirib.

B.Məhərrəmov 17 il ərzində Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdığını vurğulayıb. O xatırladıb ki, Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail olub. 

Deputat 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatdığını bildirib. Qeyd edib ki, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, 2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etməklə Prezident İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı. 

Deputat vurğulayıb ki, COP29-a evsahibliyi  Azərbaycan diplomatiyasının daha bir uğuru, Azərbaycana böyük ehtiramın və ölkəmizdə "yaşıl enerji" siyasəti başda olmaqla, həyata keçirilən tədbirlərə münasibətin ifadəsi olduğu kimi, tədbirin yekunları da ölkəmizin diplomatiya tarixinin qızıl səhifəsi hesab olunmalıdır. 

Siyasətçi deyib ki, bu gün qeyd olunanlar fonunda Azərbaycanın regionda hərbi-siyasi güc mərkəzi olmaqla yanaşı, həm də yeni geosiyasi konfiqurasiyada beynəlxalq münasibətlərin yol xəritəsinin formalaşmasında rol alan əhəmiyyətli güc olduğunu deyə bilərik. Bu prosesdə Azərbaycan diplomatiyasının rolu hər ötən gün özünü daha qabarıq formada göstərməkdədir. 

Prezident İlham Əliyevin qətiyyətli xarici siyasət kursu, o cümlədən qazandığı çoxlu hərbi-siyasi qələbələr fonunda Azərbaycan diplomatları artıq beynəlxalq müstəvidə daha güclü tərəf və həlledici oyunçu kimi çıxış edərək tarixinin ən təsirli və ən qüdrətli dövrünə qədəm qoyub. Proseslərin gedişi göstərir ki, Azərbaycan Prezidentinin zamanında reallaşdırdığı çoxsaylı layihələr, o cümlədən müəyyən etdiyi xarici siyasət kursu konsepsiyası hələ uzun dövrlər ərzində bölgəmizdə sülhün, sabitliyin təminatçısı qismində çıxış edəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr