AZ

ÖLÜMCÜL TƏHLÜKƏ: küçədən peraşki alarkən bunlara mütləq diqqət edin...

Ucuz qiymətə satıldığı və ağız dadına uyğun olduğu üçün bir çox insan küçədə satılan peraşkilərə üstünlük verir. Lakin açıq havada, gigiyenik şəraitdən uzaq şəkildə təqdim olunan bu məhsullar bir sıra ciddi təhlükələr yarada bilər.

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev Konkret.Az-a açıqlamasında bildirib ki, küçə şəraitində satılan peraşkilərdə ilk növbədə gigiyenik qaydalara diqqət olunmalıdır:

Asim Vəliyev

“Satıcının əllərinin, geyiminin və ümumi görünüşünün təmiz olması əsas şərtlərdəndir. Həmçinin, peraşkilər bişdikdən sonra qabın içərisində açıq şəkildə saxlanılır və servis olunur. Bu isə məhsulun tozlanmasına və mikroorqanizmlərlə çirklənməsinə şərait yaradır. İdeal halda bişmiş peraşkilər üzəri örtülü şəkildə saxlanmalı və qısa müddətdə satışa çıxarılmalıdır”.

Ekspertin sözlərinə görə, tez-tez rast gəlinən problemlərdən biri də eyni yağın dəfələrlə dəyişdirilmədən istifadə edilməsidir:

“Peraşkilər qızardılan yağ bir neçə dəfə istifadə olunduqda toksik maddələr yaranır. Bu da xüsusilə qaraciyər üçün ciddi fəsadlar törədə bilər. Alıcılar peraşkinin dadı və qoxusuna diqqət yetirməlidirlər, əgər dəyişiklik varsa, məhsul köhnə ola bilər”.

Asim Vəliyev əlavə edib ki, peraşkinin içliyindəki ət, kartof, kələm və digər məhsullara xüsusi diqqət göstərilməlidir. Bundan əlavə, satış məntəqəsinin ətrafının təmizliyi də böyük əhəmiyyət daşıyır:

“Bəzi satış nöqtələri sanitar baxımdan olduqca təhlükəli şəraitdə fəaliyyət göstərir. Belə yerlərdən qida məhsulu almaq qətiyyən tövsiyə olunmur. Əlavə olaraq, peraşkinin yanında təqdim olunan mayonez və ketçap da açıq vəziyyətdə saxlanılır. Bu sousların nə qədər müddətdir istifadə edildiyi bilinmir. Həmin souslar da bakteriya mənbəyi ola bilər”.

Ekspert qeyd edir ki, ümumilikdə küçə yeməkləri müəyyən risklər daşıdığı üçün vətəndaşlar bu cür məhsulları istehlak edərkən son dərəcə diqqətli olmalıdırlar.

 

Aynurə İsmayıl

Seçilən
12
4
hurriyyet.az

5Mənbələr