AZ

Nağdsız ödənişdə sahibkarlara güzəşt olacaq?

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alıcı post-terminal vasitəsilə 1 manatlıq məhsul aldıqda belə, bu məbləğin bir hissəsi komissiya və vergi şəklində tutulur. Bu isə o deməkdir ki, sahibkara heç bir qazanc qalmır. Məhz bu səbəbdən bir çox ticarət obyektlərində vətəndaşlardan ödənişi nağd şəkildə və ya kartdan-karta köçürmə ilə etmələri xahiş olunur. Bəs aşağı dəyərdə olan məhsulların satışının vergidən azad edilməsi ilə bağlı hansı qərar var?

İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, istər vergi dərəcələri, istərsə də ekvayer xidmətləri, yeni POS-terminalların təmin olunması və bu əməliyyatların icrası müqabilində nəzərdə tutulan komissiya haqları sabit məbləğlə deyil, faizlə dövriyyəyə münasibətdə müəyyən edilir:

“Yəni 100 manatlıq dövriyyəyə də, 1 manatlıq dövriyyəyə də eyni faiz tətbiq edilir. Məsələn, 100 manatlıq satış üçün 1 faiz komissiya 1 manat edirsə, 1 manatlıq satış üçün bu rəqəm 1 qəpik olur. Bu baxımdan paritetlik prinsipi qorunur. Lakin kiçik və mikro sahibkarlar üçün sabit xərc yükü formalaşa bilir. Təhlillər göstərir ki, bəzi hallarda banklar POS-terminal xidmətini sabit xərc müqabilində təmin edirlər. Bura depozit yerləşdirilməsi və ya minimum dövriyyə limitinin müəyyən edilməsi daxildir. Əgər sahibkar həmin limitə çatmasa, ona əlavə sanksiyalar tətbiq olunur ki, bu da əlavə xərclərə səbəb olur. Amma ümumilikdə sistem paritetlik əsasında işlədiyi üçün, dövriyyənin məbləğindən asılı olaraq ciddi fərq yaranmır”.

R.Həsənovun sözlərinə görə, vergi məcəlləsində ciddi bir dəyişiklik və ya yeni güzəşt gözlənilmir:

“Qanunvericiliyə əsasən, 2000 manatdan yuxarı dövriyyəyə malik olan sahibkarlıq subyektləri fəaliyyətlərini rəsmi şəkildə qurmalı, kassa aparatları ilə təmin olunmalıdırlar. Bununla yanaşı, bəzi sahələr üzrə müəyyən güzəştlər mövcuddur. Məsələn, sabit qəbz əsasında sabit vergi ödəyicisi olan sənətkarlar (bərbərlər, dərzilər və s.) bu kateqoriyaya daxildirlər. Ancaq ümumi dövriyyə baxımından əlavə güzəştlər gözlənilmir”.

İqtisadçı qeyd edib ki, xüsusilə ekvayer xidmətləri ilə bağlı xərc yükü sahəsində müəyyən tədbirlərin görülməsi zəruridir:

“Çünki bu xidmətlər üzrə komissiya haqları sahədən asılı olaraq dəyişir. Məsələn, iaşə və xidmət sektorunda bu göstərici bəzən 3 faizə qədər yüksəlir. Əgər bank nağdsız ödənişlərə görə komissiya tutursa və sahibkar sadələşdirilmiş vergi ödəyicisidirsə, bu zaman o, vergi ilə yanaşı əlavə komissiya xərci də ödəməli olur. Məsələn, sadələşdirilmiş vergi dərəcəsi 2 faizdirsə, üzərinə əlavə olaraq bankın tutduğu komissiya da gəlir. Nəticədə sahibkarın ümumi xərc yükü artır. Bu isə bəzən sahibkarları nağdsız ödənişlərdən yayınmağa və POS-terminal xidmətlərindən imtina etməyə vadar edir. Belə hallar isə dolayısı ilə qeyri-formal iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Bu baxımdan hesab olunur ki, ekvayer xidmətləri üzrə komissiyaların, eləcə də interçeyn xərclərinin optimallaşdırılması üçün müvafiq addımlar atılmalıdır. “MasterCard”, “Visa” kimi qurumlarla müvafiq şərtlərlə razılıqlar əldə olunmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
metbuat.az

2Mənbələr