AZ

Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…


Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

Bu fonda dollar digər əsas valyutalara qarşı möhkəmlənib. Belə ki, dollar indeksi 0,48 faiz artaraq 97,65 bəndə çatıb.

Maraqlıdır, bu, dünya bazarlarında qiymətin artmasına səbəb ola bilərmi? Proses Azərbaycan manatına necə təsir edəcək?

Fuad İbrahimli: “Amerikanın Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq etməsinin milli valyutaya təsiri yoxdur”

Iqtisadçı Fuad İbrahimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Amerika bütün dünya ölkələrinə qarşı müəyyən gömrük sanksiyaları tətbiq edir: “Bu sanksiyaların Azərbaycan manatına təsiri dərhal hiss olunmayacaq. Ümumiyyətlə, bu proses o qədər adaptasiya keçib ki, dollar bütün valyuta cütlüklərinə nisbətdə müəyyən bir dəhlizdə üfqqi dalğalanır. Bununla yanaşı, son zamanlar dollar avroya nisbətdə də ucuzlaşıb”.

Həmsöhbətimizin sözlərinə görə, valyuta birjalarında işlər öz axarı ilə gedir: “Kəskin şəkildə ucuzlaşma, bahalaşma müşahidə olunmur. Amerikanın Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq etməsinin milli valyutaya təsiri yoxdur. Məlumdur ki, 2015-ci ildə Azərbaycanda devalvasiya qeydə alındı. Həmin hadisədən sonra 2016-cı ildə manatın kursu 1 manat 70 qəpik müəyyən olundu. Həmin hadisədən 9 il keçsə də, milli valyutanın məzənnəsində dəyişiklik yoxdur. Onu da deyim ki, inzibati idarəetmə üsulu istifadə edilərək üzən məzənnə rejimi dollara qarşı tətbiq olunmur. İstənilən valyutalara qarşı manatın məzənnəsi sabit qalır. Makroiqtisadi vəziyyəti də nəzərə alsaq, manatın ucuzlaşması ilə bağlı hər hansı bir təhlükə yoxdur”.

Pərviz Heydərov: “Tarif siyasətində ABŞ dollarının alıcılıq qabiliyyətini möhkəmləndirmək məqsədi güdülmür”

Iqtisadçı Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dolların möhkəmlənməsi ABŞ üçün sərfəli deyil: “Və bu üzdən də, Prezident Donald Tramp FED rəhbərliyini həmişə tənqid atəşinə tutur. Odur ki, tarif siyasətində ABŞ dollarının alıcılıq qabiliyyətini möhkəmləndirmək məqsədi güdülmür. Əlbəttə, müəyyən iqtisadi proseslər nəticəsində bu baş verə bilər. Lakin sözügedən tendensiyanın Azərbaycan manatına təsiri mümkün deyil. Manatın dəyəri ölkəmizə valyuta axınından asılıdır. Bunun da əsasını enerji resurslarımızın ixrac qiyməti təşkil edir. İlin birinci yarısında neftimizin orta ixrac qiyməti nəzərdə tutduğumuzdan az fərqlə də olsa üstün xarakter daşıyıb. Və bunun ilin ikinci yarısı ərzində də müşahidə olunacağı istisna deyil”.

Günel CƏLİLOVA

Seçilən
34
baki-xeber.com

1Mənbələr