AZ

Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...


Ermənistan hakimiyyəti kilsə, parlament və iri biznes nümayəndələrinin daxil olduğu müxalifətə qarşı “səlib yürüşünü” davam etdirir. Xüsusən də baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini inanc və dövlət əleyhdarlarından azad edəcəyinə söz verib.

İstintaq Komitəsi isə həbsə atılan milyarder Samvel Karapetyanla bağlı ünvanlarda onlarla axtarış aparıb. Müxalifət deputatların da toxunulmazlıqdan məhrum edilməsinə başlanıb.

Paşinyan özü isə əsas hədəfinin kilsə olduğunu bildirib: “Hazırda bütün mübahisələrin arxasında ən vacib şey üzə çıxdı: Kriç Nersisyan (katolikos II Qaregin), Vazgen Qalstanyan (arxiyepiskop Baqrat), Gevorq Acapaxyan (arxiyepiskop Mikael) və başqaları arasında İsa Məsih və onun təlimləri ilə heç bir əlaqənin tamamilə olmaması. Kilsə anti-xristian, doqmatik, anti-milli, anti-dövlət qruplaşması tərəfindən ələ keçirilib və mən kilsənin azadlığa çıxmasına rəhbərlik edəcəyəm”. Xatırladaq ki, Qalstanyan və Acapaxyan artıq dövlət çevrilişi hazırlamaqda iştirak ittihamı ilə həbsdədirlər. Katolikos onların müdafiəsində çıxış edib, lakin Paşinyan hesab edir ki, arxiyepiskopa bəraət qazandırmaq cəhdi Erməni Apostol Kilsəsinin rəhbərini cinayətdə şəriklərlə eyniləşdirir. Məlum olduğu kimi, kilsə ilə hakimiyyət arasında münaqişə “məxməri inqilab”dan dərhal sonra, Paşinyanın tərəfdarlarının sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə hakim elitanın sonuncu lideri olan katolikosun istefasına nail olmağa cəhd etdikdən sonra başlayıb. Lakin o zaman baş nazir kilsənin “keçmiş”dən təmizlənməsi hərəkatını açıq şəkildə dəstəkləmədi. Qarabağ uğrunda ikinci müharibədən sonra Erməni Apostol Kilsəsi Paşinyanı istefaya çağırdığı üçün onların qarşıdurması kəskinləşdi. 2024-cü ildə arxiyepiskoplar Baqrat və Mikael hətta açıq şəkildə Paşinyanın devrilməsinə çağıran, onu Dəccal adlandıran “Müqəddəs Mübarizə” hərəkatına rəhbərlik ediblər. Buna cavab olaraq Paşinyan Erməni Apostol Kilsəsini vergi güzəştlərindən məhrum etməklə hədələyib, lakin cinayət təqibi yalnız indi baş verir. Ermənistan hakimiyyəti iddia edir ki, katolikosun xeyir-duası ilə Baqrat yaxın bir neçə ay ərzində ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırıb. İstintaqın məlumatına görə, o, bu barədə parlament müxalifəti və oliqarxlarla danışıqlar aparmağa çalışıb və parlamentə basqın etməli olan silahlı qruplar yaradıb. Eyni zamanda, Paşinyan milyarder Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi kampaniyasını davam etdirir. Karapetyan bundan əvvəl Erməni Apostol Kilsəsini baş nazirin hücumlarından qoruyacağına söz verdikdən sonra dövlət çevrilişinə çağırışa görə həbs edilib. Media səviyyəsində hakimiyyət artıq bu işi Baqrat işi ilə əlaqələndirib, lakin hələlik hüquqi əlaqə yoxdur. Öz növbəsində, Karapetyan Ermənistan sakinlərini açıq şəkildə Paşinyan hakimiyyətinə qarşı mübarizəyə çağırmağa başlayıb. Onun fikrincə, respublikanın gələcəyi bu şəxslə bağlı olmamalıdır.

Bu arada hüquq-mühafizə orqanları “Ermənistan Elektrik Şəbəkələri”nin ofisində və şirkətin direktorlar şurasının rəhbəri, oliqarxın qardaşı oğlu Narek Karapetyanın evində axtarışlar aparıb. Yerli mətbuata müsahibəsində Narek Karapetyan həbsini gözlədiyini bildirib: “Bütün ehtimalla məni saxlayacaqlar, amma hələ niyəsini bilmirəm. Onların bütün addımları aydın və başa düşüləndir. Görək, onların bəxti gətirəcək, ya yox”. O qeyd edib ki, barəsində həbs qərarı Samvel Karapetyana dəstək mitinqilə bağlıdır. Bundan əvvəl Paşinyan iddia etmişdi ki, məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin sahibləri şirkət işçilərini hökumət əleyhinə nümayişlərdə iştirak etməyə inandırmaq üçün təhdid və rüşvətdən istifadə edirlər. Öz növbəsində, Ermənistan İstintaq Komitəsi çirkli pulların yuyulması və xüsusilə böyük miqyasda vergidən yayınma maddələri ilə cinayət işi üzrə ilkin istintaqın aparıldığını bildirib. Bundan başqa, iyulun 7-də və 8-də parlamentdə müxalifətdə olan “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan, onun silahdaşları Artsvik Minasyan və Artur Sarkisyan toxunulmazlıqdan məhrum ediliblər. İndi onların hamısı müxtəlif maddələrlə də olsa, cinayət işi ilə üzləşirlər. Belə ki, Ohanyan Serj Sarkisyan hökumətində müdafiə naziri işləyərkən qanunsuz olaraq torpaq sahəsini mənimsəməkdə və orada dövlət hesabına şəxsi istifadə üçün villa tikməkdə ittiham olunur. İstintaqın məlumatına görə, o zaman ətraf mühitin mühafizəsi naziri olan Minasyan cinayətdən xəbəri olsa da, həmkarına kömək etmək qərarına gəlib. Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, müxalifətin baş nazirin hücumuna effektiv müqavimət göstərmək imkanları azdır: “Biz Paşinyandan, o cümlədən məhkəmə sisteminə misli görünməmiş təzyiqlər görürük. Hakimiyyətin istənilən əmrini yerinə yetirməyə hazır olan hakimlər var. Xüsusilə, Karapetyan bununla üzləşib. Onun həbsi tam hüquqa zidd idi. Bundan əlavə, Paşinyan ABŞ və Aİ-nin gizli razılığı ilə hərəkət edir. Onlar baş nazirin Rusiyayönlü qüvvələrə qarşı təzyiqlərə göz yummağa hazırdırlar”. Ekspertin nöqteyi-nəzərindən müxalifət öz hüquqlarını küçə etirazları ilə müdafiə etmək üçün ictimai dəstəkdən məhrumdur: “Hakimiyyətdən ciddi narazılıq olsa da, insanlar etiraz aksiyasına çıxmağa hazır deyillər. Bununla belə, son bələdiyyə seçkilərinin hamısında Paşinyanın partiyası məğlubiyyətə uğrayıb ki, bu, Gümrü və Parakarda keçirilən son seçkilərdə çox aydın şəkildə nümayiş etdirilib. Və hətta İrəvanda hakim partiya yalnız seçkidən sonrakı intriqalarla mer postunu ala bildi, hətta Qərbyönlü tərəfdaşı olan Respublika Partiyası ilə koalisiyada belə İrəvan Ağsaqqallar Şurasında çoxluq qazana bilmədi”.

Tahir TAĞIYEV

Seçilən
22
baki-xeber.com

1Mənbələr