Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) 11 iyul 2025-ci ildən etibarən Azərbaycanın “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC şirkətlərinin bütün növ süd məhsullarının Rusiyaya idxalını qadağan edir.
Ölkə.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Qərar, Azərbaycan tərəfinin adıçəkilən süd məhsulları istehsalçılarına Rosselxoznadzor tərəfindən inspeksiya aparılmasına razılıq verməməsi və şirkətlərin Rusiyaya məhsul tədarükündə maraqlı olmamaları əsas gətirilərək qəbul edilib.
“Rosselxoznadzor Azərbaycanın səlahiyyətli qurumuna yaxın günlərdə Rusiyaya məhsul ixracını davam etdirən beş süd məhsulu istehsalçısında yoxlama aparmağa hazır olduğunu bildirmişdi. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə məlumat verib ki, süd məhsulları (yağ və pendir) istehsalı ilə məşğul olan “ALLBUY” MMC və yalnız yağ istehsalı və emalı ilə məşğul olan “MILK PRODUCTS” MMC Rusiyaya gələcəkdə məhsul göndərməkdə maraqlı deyillər”, – deyə məlumatda qeyd olunur.