AZ

Dollar və avro ilə kredit götürmək istəyənlərə VACİB XƏBƏR

“Azərbaycanda xarici valyutada kreditləşmənin risqləri əsasən həmin valyutada gəliri olmayan subyektlərlə bağlı daha çox təhlükə yaradır”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib. Belə hallarda risklər əsasən valyuta məzənnəsinin dəyişməsi ilə əlaqələndirilir.

Rəşad Həsənov

Onun sözlərinə görə, xarici valyutada kreditlərə tələbatın hələ də mövcud olması bir neçə səbəblə izah olunur:

“Hazırkı şərtlər daxilində xarici valyutada verilən kreditlərin faiz dərəcələri daha aşağıdır. Çünki banklar valyuta ilə cəlb etdikləri vəsaitlərə daha az faiz təklif etdiklərindən, bu kreditləri də aşağı faizlə verirlər. Bu isə xüsusilə şirkətlər üçün cəlbedici olur və onları xarici valyutada kreditlərə üstünlük verməyə sövq edir”.

İqtisadçı qeyd edir ki, bəzi hallarda sahibkarların gəlirləri də xarici valyutada olduğuna görə, onlar üçün bu kreditlərin riski nisbətən az olur. Eyni zamanda, bəzi biznes subyektləri beynəlxalq tərəfdaşlarla işlədikləri üçün dövriyyə vəsaitlərini artırmaq məqsədilə xarici valyutada kreditlərə üstünlük verirlər.

Bununla yanaşı, Rəşad Həsənov bildirib ki, xarici valyutada kreditlərin əsas risqi devalvasiya təhlükəsi ilə bağlıdır:

“Əgər ölkədə devalvasiya baş verərsə, bu kreditlər üzrə öhdəliklər kəskin şəkildə arta bilər. Azərbaycanda valyuta kreditləri üzrə öhdəliklərin icrasında məzənnənin fiksasiya edilməməsi də bu riski artıran amillərdəndir. Maliyyə sistemində bu tip çatışmazlıqlar kredit götürənlərin vəziyyətini daha da çətinləşdirə bilər”.

İqtisadçı əlavə edib ki, statistik göstəricilər milli valyutada kreditlərin ümumi portfeldə daha böyük paya sahib olduğunu göstərsə də, xarici valyutada kreditlər də bazarda mövcudluğunu qoruyur. Bu da tələbin tamamilə aradan qalxmadığını göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
24
5
konkret.az

6Mənbələr