AZ

Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...


Xəyalə Rəis: “Keyfiyyətli kontent hazırlamaq bacarığınız yoxdursa, mədəniyyətə düşmənlik etməyə də haqqınız yoxdur”

Son illər telekanallarda şou xarakterli verilişlərinin sayının həddən artıq olması, sözsüz ki, əsl sənətkarı, əsl sənəti arxa plana keçirir. Deyərdik ki, peşəkar musiqiçinin öz tamaşaçısı olsa da, təəssüf ki, onları da şou proqramlarda şou müğənnilərin “gözünə qatıb” efirə çıxarırlar.

Tutalım, görkəmli bir xanəndəni, yaxud vokalçını, klassik musiqiçini efirə dəvət edəndə onun bərabərində bir neçə şou müğənnisi də efirə salınır. Bu da, sözsüz, ictimaiyyət arasında ciddi narazılığa səbəb olur ki, nə üçün gözəl səsli bir sənətkarla nə gəldi oxuyan bayağı müğənnilər eyni proqramda yer almalıdır. İnsanlar buna açıq etiraz edir.

Artıq sənət adamları arasında da buna narazılıq edənlər var. Məsələn, xalq artisti, professor Mənsum İbrahimov şou müğənniləri ilə eyni verlişdə iştirakdan imtina etdiyini açıqlayıb.“Televiziya proqramlarına tez-tez dəvət alıram, lakin layihələrim və səfərlərimlə bağlı iştirak edə bilmirəm. Ümumilikdə isə verilişlərin formatı da məni qane etmir. Düşünürəm ki, efirlərdə maarifləndirici və öyrədici proqramlar üstünlük təşkil etməlidir. Tamaşaçı mütləq şəkildə nələrsə öyrənməlidir. Şou müğənnilərinin qalmaqalları, dedi-qoduları tamaşaçıya təqdim olunmamalıdır”-deyə M.İbharimov qeyd edib.

Xalq artisti proqramlara qatılarkən digər qonaqların kimliyinə də xüsusi diqqət yetirdiyini bildirib: “Artıq o yaşda deyiləm ki, bayağı şou ifaçıları ilə eyni proqramda iştirak edim. Buna görə, dəvət alanda əvvəlcə qonaq siyahısına baxıram. Son zamanlar daha çox tələbələrim və yetirmələrimlə efirə çıxmağa üstünlük verirəm”.

O, bir çox sənətkarın efirdən incik düşməsinin səbəblərinə də toxunub: “Bəzi sənət adamları efirdə sənətindən kənar suallarla qarşılaşdığı üçün küsür. Sənətkarı efirə dəvət edirlər, amma söhbət onun yaradıcılığı ətrafında deyil, şəxsi həyatı və başqa mövzular üzərində qurulur. Bu da təbii olaraq onların efirdən uzaqlaşmasına səbəb olur. Halbuki, söhbət sənətdən getməlidir”.

Sanballı sənətkarlar bayağı şou ifaçıları ilə bir proqramda görünməkdən imtina edirlər. Mənsum İbrahimov deyir ki, elə insanlarla bir yerdə verlişdə iştirak edə bilmərəm.

Bu nədən baş verir? Bu etirazlara necə yanaşmaq olar?

“Ən acınacaqlısı odur ki, dəyərli sənətkarları bu bayağı səhnələrin dekorasiyasına çevirmək cəhdləri getdikcə artır”

Sənətşünas Xəyalə Rəis “Bakı-Xəbər”ə bildirdi ki, bugünkü televiziya məkanında “reytinq” adlı bəhanənin arxasında gizlənən sistemli bayağılıq artıq ictimai şüura açıq şəkildə zərbə vurur: “Bayağı müğənnilər efirlərin çörəyi deyil, efirlərin bəlasına çevrilmiş haldadır. Bu birmənalı olaraq televiziya rəhbərlərinin məsuliyyətsizliyinin və tamaşaçı zövqünü aşağılama cəsarətinin nəticəsidir. Reytinq xətrinə ekranlara çıxarılan istedadsız şou-bazlar, sənətdən bixəbər "müğənni"lər informasiya məkanını zəhərləyir, cəmiyyətin estetik duyumunu iflic vəziyyətinə salır.

Ən acınacaqlısı isə odur ki, dəyərli sənətkarları bu bayağı səhnələrin dekorasiyasına çevirmək cəhdləri getdikcə artır. Bu nə deməkdir? Məgər uzun illər zəhmətlə qazandığı nüfuzu bir saatlıq "aşağı səviyyəli proqramda iştirak"la puç etmək sənətkara yaraşarmı? Əsla! Və burda Mənsum İbrahimov kimi sənətkarların mövqeyi tam haqlıdır: “Mən elə insanlarla bir yerdə verlişdə iştirak edə bilmərəm.” Bu, təkcə bir sənətçinin şəxsi seçimi deyil, bu bir çağırışdır – sənətə sayğı çağırışı.

Televiziya rəhbərlərinə, prodüserlərə və proqram tərtibatçılarına sual: nə vaxtadək zövqsüzlüyü normallaşdıracaq, bayağılığı kütləyə "əyləncə" adı ilə sırıyacaqsınız? Bəlkə artıq efirdə səviyyə anlayışını bərpa etməyin vaxtı çatıb? Əgər keyfiyyətli kontent hazırlamaq bacarığınız yoxdursa, mədəniyyətə düşmənlik etməyə də haqqınız yoxdur.

Sənət öz müqəddəsliyini qorumaq üçün bayağılıqla eyni efiri bölüşməkdən imtina etməlidir. Bu, təkcə sənətkarların yox, eyni zamanda cəmiyyətin, gələcək nəsillərin mədəni zövqünün müdafiəsidir. Hər sənətçi bu məsələdə prinsipial mövqe nümayiş etdirməli, "hər efir – reklamdır" yanlış düşüncəsindən qurtulmalıdır.

Unutmayaq: Efir yalnız tamaşaçılar deyil, tarix qarşısında da məsuliyyət daşıyır. Əgər bu gün sənəti ucuz şoulara qurban veririksə, sabah gələcəyin yaddaşında səviyyəsizliklə tanınacağıq”.

İradə SARIYEVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr