AZ

Danimarka Aİ Şurasına sədrlik edir: “Dəyişən dünyada güclü Avropa” devizi ilə irəli- ÖZƏL

Olaylar.az xəbər verir ki, Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında Danimarkanın Baş naziri Mette Frederiksen ölkəsinin Avropa İttifaqı (Aİ) Şurasına altı aylıq sədrliyi dövründə həyata keçirəcəyi planları və prioritetləri təqdim edib. Sədrliyi "Dəyişən dünyada güclü Avropa" devizi ilə başlayan Danimarka, Avropanın hazırkı mürəkkəb geosiyasi və iqtisadi şəraitində sabitlik və inkişaf axtarışlarını ön plana çəkir.
Avropa Parlamentinin sədri Roberta Metsola Frederiksenin çıxışından öncə Danimarkanın Aİ üçün nümunə ola biləcək potensialını vurğulayıb və xüsusilə növbəti büdcə məsələsində geniş əməkdaşlığa hazır olduqlarını bildirib.
Frederiksen isə çıxışında qeyd edib ki, Avropa İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükələrlə üz-üzədir və artıq öz təhlükəsizliyinin məsuliyyətini özü daşımalı, 2030-cu ilə qədər müdafiə sənayesini gücləndirərək özünütəminatlı hala gəlməlidir. Onun sözlərinə görə, Ukraynaya dəstək sadəcə humanitar yardım deyil, Aİ-nin müdafiəsinə qoyulan sərmayədir.
Lakin Frederiksenin ən güclü mesajı miqrasiya ilə bağlı olub: "Avropaya miqrasiya axınlarını azaltmalıyıq", - deyə baş nazir bildirib. O qeyd edib ki, Rusiya miqrasiyanı Aİ-nin şərq sərhədlərində siyasi və strateji silah kimi istifadə edir. Buna görə də Aİ öz xarici sərhədlərinin qorunmasını daha da gücləndirməlidir. "Vətəndaşlarımız öz ölkələrində təhlükəsizlik hiss etməyə haqqı var. Biz bunu təmin etməliyik", - deyə Frederiksen əlavə edib.
Baş nazir əlavə olaraq bildirib ki, Avropa qlobal rəqabətdə geri qalır və bu səbəbdən yaşıl və rəqabətədavamlı iqtisadiyyatın inkişafı vacibdir. O, 2040-cı il üçün Aİ-nin iqlim məqsədlərinə dair razılaşmanın tezliklə əldə olunmasına çağırıb və bu məqsədlərin biznes üçün aydınlıq yaradacağını, Avropanı iqlim dəyişikliyi ilə mübarizədə liderə çevirəcəyini deyib.
Frederiksen uzunmüddətli Aİ büdcəsinin islahatı tərəfdarı olduğunu bildirərək onun daha çevik, sadə, proqnozlaşdırıla bilən və siyasi prioritetlərə uyğun şəkildə qurulmasını vacib sayıb.
Avropa Parlamentinin bir sıra deputatları Danimarkanın müdafiə və rəqabət qabiliyyətinə verdiyi önəmi alqışlayıblar. Onlar müdafiə sənayesinin inkişafı və müttəfiqlərlə əməkdaşlığın vacibliyini vurğulayıblar. Bəziləri isə İtaliyanın sabiq baş naziri Mario Draqinin hazırladığı hesabatdakı təkliflərin reallaşdırılmasına və kiçik və orta sahibkarlıq üçün şərtlərin sadələşdirilməsinə çağırıblar.
Deputatlar arasında qeyri-qanuni miqrasiyaya qarşı mübarizə ön plana çəkilsə də, bəziləri Avropaya sığınacaq axtarmaq üçün gələn ehtiyac içindəki şəxslərə yardım edilməsini vacib sayıb. Bir neçə deputat isə Aİ daxilində daimi sərhəd nəzarətinin tətbiq olunması ideyasını irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr