AZ

“Fəxri Neftçi” Azəriqazdan da, Həmkarlar İttifaqından da NARAZIDIR

Yazını böyüt
Yazını kiçilt

40 illik işçi Həmkarlar İttifaqı Konfederasiyasından niyə üz döndərdi?

“Əslən Bakının Nardaran kəndindənəm. Hərbi xidmətdən qayıdandan sonra birbaşa Qaz İdarəsinə işə düzəlmişəm. O vaxtlar peşə artırma kurslarında da təhsil almışam. Əsasən Nəsimi rayonunda çilingər, sonra sahə rəisi kimi çalışmışam...”

Bu sözləri Hafta.az-a ömrünün 40 ilini Azəriqaz İstehsalat Birliyinə həsr etmiş, hazırda Azəriqaz İstehsalat Birliyindən də, Həmkarlar İttifaqı Konfederasiyasından da şikayətçi olan "Fəxri Neftçi" Əsədulla Feyzullazadə deyib.

Son 15 ildir yeniədn çilingər kimi çalışan Əsədulla bəy danışır ki, vaxtilə adamın diplomuna yox, iş bacarığına baxırdılar, indi isə min bir yolla diplom alanlar rəisdilər:

“Məsələn, bizim Fərhad Tanrıverdiyev adlı rəisimiz var idi, o, fəhlə paltarı geyinər, bel alıb yoldaşları ilə birlikdə yer qazardı, qəzanı aradan qaldırardı. Kabinetində kreslo yox adi stul vardı. Allah rəhmət eləsin ona, biz rəisləri elə görmüşük. Bu gün isə fəhlə azalıb, rəis çoxalıb. Dərdimizi eşidən bir Həmkarlar Komitəsi vardı, indi onun da varlığı ilə yoxluğu bəlli deyil. Keçmişdə Həmkarlar Komitəsi fəhlənin can yoldaşı idi, zərərli işə görə süd payı, əmək haqqına "ağır iş əmsalı" verirdilər. İndi nə idarə işçiyə qiymət verir, nə Həmkarlar. Adi misal çəkim - 15 ildir 100 nəfərlik kollektivin yuyunma otağı belə yoxdur. İşçilər qaz qəzalarından, torpaq qazmaqdan gəlib gözləyirlər, qadın işçilər gedəndən sonra həyətdə köynəklərini soyunub yuyunurlar”.

“40 il üzvlük haqqı verdim, bir dəfə olsun hüququmu qorumadılar”

Şikayətçi bildirib ki, son aylar "struktur dəyişikliyi" adı ilə işçilərin qrafiki alt-üst edilib. Beləki, növbədə olanı 8 saatlıq işə keçirirlər, ya əksi:

“İşdə səriştəsi olmayanları gecə növbəsinə tək yazırlar. Allah eləməsin bir qəza olsun, qazı hardan necə bağlayacaqlar, bilmirlər. Özü də əvvəllər Əmək təhlükəsizliyi qaydalarına görə növbədə üç çilingər olurdu. Bakının mərkəzində qaz siyirmələrdə yeraltı quyudadır, bu üç çilingərdən biri bağlayanda o biri onu təhlükəsizlik kəməri ilə saxlamalıdır ki, quyuda qaz olur. Biri də maşın yolunda maşınları başqa səmtə yönəltməlidir. Bu gün isə qeyd etdiyim kimi, fəhlənin sayı azalıb, rəislərin sayı çoxalıb”.

Fevral ayında ikinci dəfə qanunsuz attestasiya keçirildiyini qeyd edən Ə.Feyzullazadə bildirib ki, Əmək Məcəlləsinə görə attestasiyaya düşməyən işçilərin, o cümlədən Əsədulla bəyin adına yalançı “qiymət vərəqləri" yazıblar:

“Mənə dedilər ki, ya işdən çıx, ya da aşağı maaşla aşağı dərəcəli çilingər ol. Halbuki təqaüdə çıxmağıma iki ay qalıb. Həmkarlar İttifaqına müraciət etdim, ordan da "düşünərik" deyib yola verdilər. Mən Həmkarlar İttifaqına 40 il üzvlük haqqı verdim, amma bir dəfə olsun hüququmu qoruyan olmadı. Bunların borcu işçini qorumaq, hüquqlarını müdafiə etmək, haqqını tələb etməkdir onu da bacarmırlar. İş yoldaşlarımla da müzakirə edirik bu məsələni ki, hər ay pul ödəyirik, bir dəfə kömək lazım olanda susurlarsa, nəyimizə lazımdır belə Həmkarlar İttifaqı”.

QEYD: Ə.Feyzullazadə ilə yanaşı daha bir neçə narazı şəxs eyni şikayətlə Müstəqil Həmkarlar Birliyinə (MHB) üz tutaraq kömək istəyiblər. Birliyin sədri Fuad Əliyev hafta.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ diqqətdə saxlanılır və rəsmi qaydada aidiyyəti qurumlara məktub ünvanlanıb. "Hələ ki, qarşı tərəfdən reaksiya yoxdur, amma biz Müstəqil Həmkarlar Birliyi olaraq məsələnin həllinə çalışırıq"- deyə F.Əliyev vurğulayıb.

Seçilən
4
1
hafta.az

10Mənbələr