AZ

ECO: Sıx inteqrasiya üçün daha nə etmək lazımdır?

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO- İƏT) üzv olan ökələr 8 milyon kv.km-dən çox ərazini əhatə edir və bu coğrafiyada, ümumilikdə, 550 milyon əhali (dünya əhalisinin 6 faizdən çoxu) yaşayır. Bu o deməkdir ki, təşkilat həm coğrafiya, həm də istehlakçı  baxımından kifayət qədər ciddi potensiala malikdir. Eyni zamanda, quruma üzv ölkələr Avrasiyada mühüm nəqliyyat-logistika imkanları baxımından da diqqət çəkir. Region, həmçinin əmək ehtiyatları, karbohidrogen resursları və nadir metal ehtiyatları ilə kifayət qədər zəngindir.

Ancaq praktiki müstəvidə bu zəngin potensialdan tam miqyası ilə istifadə olunmur. Quruma üzv dövlətlərin bir çoxu iqtisadi, siyasi problemlərlə üz-üzədir, onlar arasında inteqrasiya aşağı səviyyədədir. Bütövlükdə, indiyədək üzv dövlətlər arasında arzu edilən adekvat əlaqələndirməni təmin etmək mümkün olmayıb. Bu isə təbii ki, son nəticədə qurumun funksionallığına, ona olan inama mənfi təsir göstərir. Bəs problemlər nədən qaynaqlanır  və ECO-nu üzv ölkələr arasında dərin inam bəslənən daha funksional quruma çevirmək üçün hansı tədbirlər görülməlidir? Azad Xankəndinin bu günlərdə uğurla ev sahibliyi etdiyi İƏT-ə üzv ölkələrin liderlərinin 17-ci Zirvə görüşündə uğurlarla yanaşı, həlli vacib olan bir sıra məsələlərə də diqqət çəkilib.

ECO regionu üçün çətin dönəm

ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü bütövlükdə, beynəlxalq birliyin müəyyən çətinliklər və transformasiyalarla üz-üzə qaldığı bir vaxtda baş tutub. Hazırda dünya çətin bir dönəmdən keçir. Qlobal miqyasda yeni nizamın formalaşması müşahidə edilir və təəssüf ki, bu proses özündə güc mərkəzlərinin təsir dairələrini genişləndirmək hədəfini ehtiva edir. Çoxlu sayda ölkə amansız təhdidlərə və təsirlərə məruz qalır. Dünya getdikcə daha çox dərəcədə beynəlxalq hüquq normaları ilə deyil, ikili standartlarla idarə olunur. İş o yerə çatıb ki, hətta BMT də münaqişələrə təsir etmək imkanlarını sürətlə itirməkdədir.

Xankəndi zirvəsində bildirildiyi kimi, dünyanın hazırkı mənzərəsindən ECO coğrafiyası daha çox dərəcədə təsirlənir. İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə görüşünün sədri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışında vurğuladığı kimi, münaqişə və mübahisələrin əksər hissəsi təşkilatın ərazisində baş verməkdədir. ECO-nun üzvü olan Əfqanıstan vətəndaş müharibəsindən çıxan ölkədir. Bir qədər bundan əvvəl Pakistanla Hindistan arasında qısamüddətli münaqişə yaşandı. İran 12 günlük müharibədə ağır zərbələr alıb. Türkiyə sərhəd bölgələrində davamı olaraq antiterror tədbirləri keçirmək məcburiyyətində qalır. “Son aylarda Cənubi Asiya və Orta Şərqdə baş verən hadisələr hamımızda böyük narahatlıq doğurdu. Beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının sarsılması dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Xüsusən də təşkilatımızın üzvü olan İran İslam Respublikasına qarşı hərbi əməliyyatlar öz növbəsində bütün regionu müharibəyə sürükləmək və böyükmiqyaslı ətraf mühit fəlakətinin baş verməsi təhlükəsini yaratdı”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Bu kontekstdə İran ilə İsrail arasında 12 günlük dağıdıcı müharibədən sonra əldə olunmuş atəşkəs razılaşması təqdirəlayiqdir Çox doğru olaraq bu qərar regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində atılan mühüm addım hesab olunur. Hazırda kütləvi qırğın silahlarının yayılmaması beynəlxalq təhlükəsizliyin ən təxirəsalınmaz məsələlərindən biri qismində çıxış edir. Bu reallıq nəzərə alınmaqla Xankəndi zirvəsində bir daha nüvə silahından azad zonaların coğrafiyasını genişləndirmək üçün qlobal ictimaiyyətə çağırış edilib. Heç bir halda ölkələrin bir-birini nüvə silahı ilə təhdid etməsinə yol vermək olmaz. Nüvə texnologiyalarından yalnız dinc məqsədlər üçün istifadə olunmalıdır.

İsrail-Fəlstin münaqişəsi də İƏT regionunda böyük narahatlıqla izlənilir. Hazırda Qəzzada bir insanlıq faciəsi yaşanır, indiyədək on minlərlə insan həyatını itirib, mülki əhali humanitar fəlakətlə üzləşib. Bu münaqişə həllini tapmadan Orta Şərqdə dayanıqlı sülh və sabitlik təmin edilməyəcək. Beynəlxalq ictimaiyyət Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına, aclıq və qeyri-insani şəraitdən əziyyət çəkənlərə humanitar yardımın göstərilməsində bütün maneələrin aradan qaldırılmasına nail olmalıdır.

Regionun orta və uzunmüddətli inkişaf hədəfləri müəyyənləşdirilməlidir

Əlbəttə, bütün məsələlərin təməlində iqtisadi güc amili dayanır. Buna görə də üzv ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi strateji önəm daşıyır. İƏT-in əsas məqsədi də məhz bundan ibarətdir. Lakin hazırkı inteqrasiya səviyyəsi bu məqsədə çatılmasının hələ kifayət qədər uzaq olduğunu deməyə əsas verir. Etiraf olunmalıdır ki, hazırda İƏT ölkələrinin qlobal iqtisadiyyatda payı onların potensialına adekvat deyil. 2024-cü ildə ECO dövlətləri  arasında ticarət dövriyyəsi cəmi  95 milyard dollar səviyyəsində olub. Bu göstərici üzv ölkələrin ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir.

Xankəndi Zirvə görüşündə vurğulandığı kimi, ilk növbədə İƏT-in  orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyənləşdirmək lazımdır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə məyyən nəticələr əldə olunub, o cümlədən mühüm əhəmiyyətə malik “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konseptual sənəd qəbul edilib. Hazırda ECO ökələri arasında inteqrasiyanın arzuedilən səviyyədə olmaması ilk növbədə zəruri institusional strukturların formalaşmaması və bəzi bürokratik maneələrlə bağlıdır. Buna görə də vaxtı çatmış  islahatları hədəfləyən müzakirələrin aparılması və hüquqi bazanın möhkəmləndirilməsi zəruridir. Mümkün əməkdaşlıq istiqamətləri qismində ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməlidir.  Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir.

Qarşılıqlı ticarətin həcmini artırmaq məqsədilə Xankəndi Zirvə görüşündə bir sıra təkliflər səsləndirilib. Bunlardan aşağıdakıları misal göstərmək mümkündür:

-Üzv dövlətlər arasında ticarətin  asanlaşdırılması sazişinin imzalanması,

-Kənd təsərrüfatı, ticarət və əmtəənin məhdudiyyətsiz təchizatı üzrə məlumatların sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər” sisteminin yaradıması,

-İnvestisiya əməkdaşlığını yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramının qəbul edilməsi və üzv ölkələrdə sərmayə mühitinin daha şəffaf və cəlbedici olmasınının təmin edilməsi,

-Özəl investorların, bankların və beynəlxalq maliyyə təsisatlarının İƏT coğrafiyasında  perspektivli layihələrə cəlb olunması,

-ECO regionu üzrə azad ticarət zonasının yaradılması.

Nəqliyyat-logistika sektoru prioritet istiqamətlərdən biri kimi

İƏT-ə üzv ölkələr arasında inteqrasiyanın dərinləşməsində nəqliyyat-logistika sektoru prioritet istiqamətlərdən biri ola bilər. Üzv dövlətlərin coğrafi yerləşməsi bu sahədə sıx inteqrasiya üçün geniş imkanlar açır. Son geosiyasi hadisələr təchizat zəncirlərinin pozulması risklərini bütün ciddiliyi ilə gündəmə gətirib. Hazırda izlənilən geosiyasi kataklizmlər, o cümlədən Rusiyadan keçən Şimal, İrandan keçən Cənub marşrutlarının faktiki olaraq funksionallığını itirməsi fonunda alternativ nəqliyyat bağlantılarına ehtiyac heç vaxt olmadığı qədər artıb. Artan zərurət fonunda İƏT ölkələri təchizat zəncirində özlərinin nəqliyyat-logistika imkanlarını təqdim edə bilərlər. Burada o amil nəzərə alınmalıdır ki, bəzi üzv dövlətlərin açıq dənizə çıxışları yoxdur və bu məhdudiyyəti ancaq digər tərəfdaş ölkələr üzərindən aradan qaldırmaq mümkündür.  Vurğulandığı kimi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il işə salınması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək. Yeni şəraitdə Azərbaycanın əsas həlqəni təşkil etdiyi Transxəzər (Orta Dəhliz) marşrutunun önəmi də əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Orta Dəhlizin yeni qollarının yaradılmasına da güclü siyasi iradə sərgiləyir. Yük həcmlərinin əhəmiyyətli dərəcədə artması perspektivləri nəzərə alınmaqla rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Yalnız bu yolla  nəqliyyat və logistika sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə təşkil etmək mümkündür.

Digər imkanlar da mövcuddur. O cümlədən yeni aviareyslərin açılması, hava nəqliyyatı şirkətləri arasında əməkdaşlığın innovativ şəkildə həyata keçirilməsi, marketinq strategiyalarının gücləndirilməsi turizm və aviasiya sektorlarının inkişafına böyük təkan verə bilər. “Mən diqqətinizi digər bir mühüm məsələyə cəlb etmək istəyirəm. Əsas məsələ ondan ibarətdir ki, bizim hökumətlər qlobal iqlim gündəliyində öz səylərini əlaqələndirməli və birləşdirməlidirlər. Biz Bakıda COP29 qlobal iqlim sammitinin uğurla keçirilməsindən sonra əldə edilmiş razılaşmaların və öhdəliklərin tam şəkildə icrasını qəti şəkildə dəstəkləyirik. Biz, eyni zamanda, təşkilatımızın məhz quraq yerlərdə ağacların əkilməsinə, o cümlədən istirahət zonalarının yaradılmasına yönəlmiş “Yaşıl təşəbbüsü”nü dəstəkləyirik”, - deyə Şavkat Mirziyoyev vurğulayıb.

Mübariz FEYİZLİ

Seçilən
42
1
yeniazerbaycan.com

2Mənbələr