AZ

“70-ç” ilə işdən çıxarılanlar dövlət qulluqçusu ola bilər?

Bəzən əmək müqaviləsinə xitam verilməsi işçinin gələcək karyerasına da təsirsiz ötüşmür. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni əmək öhdəliklərini yerinə yetirmədiyinə görə işdən çıxarılan şəxslər üçün bu hal müəyyən çətinliklər yarada bilər. Bəs bu bəndlə işdən azad olunan şəxs başqa yerdə yenidən rəsmi şəkildə işə düzələ bilər? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında sovet dövründə Əmək Qanunları Məcəlləsində buna oxşar bir maddənin olduğunu xatırladıb: “Əgər kimsə həmin maddə ilə işdən çıxarılırdısa, bu, elə bil “qara kağız” rolunu oynayırdı. İndi də həmin psixologiya qalıb. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Bəzi şirkətlər, xüsusilə də sovet dövründən işləyən HR-lar bu məsələyə ciddi yanaşırlar. Amma ola bilər ki, bir şəxs öz sahəsini yaxşı bilir, iş funksiyalarını da düzgün yerinə yetirə bilər. Sadəcə müəyyən səbəblərdən onun müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilib”. S.Məmmədov bildirib ki, bəzi işəgötürənlər ya məlumatsızlıqdan, ya da bəhanə kimi 70-ci maddəyə istinad edərək işçini işə götürməkdən imtina edirlər. “Halbuki hər bir işəgötürənin hüququ var ki, işçinin bilik və bacarıqlarını özü yoxlasın. Şəxsin əmək kitabçası var, eləcə də 2014-cü ildən elektron sistemlər bütün əmək tarixçəsini əhatə edir. İşəgötürən istər elektron, istərsə də kağız daşıyıcıda işçinin əvvəlki fəaliyyətinə baxa bilər. Əgər kimsə bir neçə yerdə işləyib və hamısından da 70-ci maddənin “ç” bəndi ilə azad olunubsa, bu, artıq müəyyən şübhələr doğura bilər. Amma tək bir yerdə bu maddənin tətbiq olunması ilə işçiyə "qara ləkə" vurmaq doğru deyil”. Ekspert qeyd edib ki, bu bənd ilə işdən çıxarılanların sonradan dövlət qulluğu və ya kommersiya sektorunda çalışması da istisna deyil: “Məsələn, bir şəxs bir yerdən “70-ç” bəndi ilə azad oluna bilər, amma sonra dövlət qulluğu imtahanından keçib uğurla fəaliyyət göstərə bilər. Çünki həmin şəxslə müsahibə edilir, yoxlanılır, işə uyğunluğu müəyyənləşdirilir. Lakin praktikada belə halların baş verməsi əsasən məlumatsızlıq və ya köhnə sovet psixologiyasında qaynaqlanır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
6
2
metbuat.az

3Mənbələr