ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 8 iyul, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Almaniyanın Şlezviq-Holştayn vilayətinin beş fərqli şəhərində silsilə konsertlər verib.
AZƏRTAC xəbər verir ki, tarzən Almaniya Şlezviq-Holştayn Teatrının Simfonik Orkestri ilə birlikdə beş fərqli konsert proqramı ilə çıxış edib.
Səfər təəssüratlarını bölüşən Əməkdar artist konsertlərin alman şəhərlərində mədəni irsimizin təbliği baxımından faydalı olduğunu deyib: “Azərbaycan musiqisi öz əsrarəngizliyi ilə bir daha alman dinləyiciləri heyran edib. Tamaşaçılar musiqimizi böyük maraqla dinlədilər”.
Orkestr il ərzində səkkiz mövsüm konsertlə tamaşaçıların qarşısına çıxır. Tarzənin iştirak etdiyi “Romantik” adlı konsertlər dördüncü mövsümü əhatə edib və Sahib Paşazadə bu konsertlərdə orkestrlə çıxış edən yeganə solo ifaçı olub. Layihə, eyni zamanda, “Schleswig-Holsteinisches Landestheater”in yaranmasının 50 illiyinə həsr olunub. Flensburq, Şlezviq, Husum, İtsexo, Rendsburq şəhərlərində baş tutan konsertlər böyük maraq və alqışlarla qarşılanıb. Vilayətin bir neçə ən böyük konsert salonunda keçirilən konsertlərdə azərbaycanlı tarzənin çıxışları ifaçılıq sənətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çıxış Azərbaycan xalq çalğı alətləri ifaçılığında, xüsusilə instrumental sahədə xarici ölkələrin simfonik orkestrləri ilə birgə verilən konsertlər üçün çox nadir və az rast gəlinən musiqi hadisələrindən biridir. Alman dirijor Ekhart Uaychik idarəçiliyi ilə keçən konsertlərdə Hacı Xanməmmədovun tar üçün 2 nömrəli konserti ifa olunub. Bu əsərin seçilməsi də əbəs deyil. Hələ beş il əvvəl, 2020-ci ildə Fransanın nüfuzlu MEZZO TV kanalında tarzənin Moskvada Çaykovski adına Konservatoriyanın Böyük zalında məşhur Svetlanov adına simfonik orkestr ilə birlikdə H.Xanməmmədovun 2 nömrəli konserti çəkilərək yayımlanıb və çox böyük rezonans doğurub. Azərbaycan muğamının, ifaçılıq sənətimizin təbliği baxımından bu konsert Azərbaycanın tarının Almaniyada triumfu kimi dəyərləndirilə bilər. Tarın sehrinə düşən alman dinləyicilər alqışlarla tarzəni yenidən səhnəyə çağırıblar. Əlavə ifalar zaman tarzən səhnəyə qayıdaraq “Segah”, “Çahargah”, “Bayatı Şiraz” muğamlarından parçalar ifa edib. Məharətlə ifa olunan Azərbaycan muğamları alman musiqisevərlərin qəlbini fəth edib.
Əməkdar artist bu layihəyə “Schleswig-Holsteinisches Landestheater”in rəhbəri, məşhur dirijor Harish Shankarın dəvəti ilə qatılıb.
Harish Shankar və Sahib Paşazadə 2023-cü ildə Almaniyanın məşhur Bridges Kamera Orkestri ilə birlikdə müxtəlif şəhərlərdə 12 silsilə konsertlə çıxış edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.