İndi Ağ Ev sahibinin verəcəyi prinsipial qərarlar Rusiyanın mövqeyindən asılıdır, əgər, Kreml mövqeyini nisbətən yumşaldarsa, prezident Donald Tramp Rusiyaya yönəlik “pozitiv manevrlər”ində israrlı qala bilər… Əks halda, ABŞ-ın Ukrayna ordusunu ciddi şəkildə gücləndirəcəyi istisna deyil, bu halda, iqtisadi çöküş, eləcə də, ordunun təchizatında böhran yaşayan Rusiyanın yeni hərbi situasiyanın sərt təzyiqlərinə nə qədər tab gətirə biləcəyi də suallar doğurur…
ABŞ-ın Tramp administrasiyasının Ukrayna savaşının dayandırılması ilə bağlı bütün cəhdləri iflasa uğramaqdadır. Belə ki, Ağ Ev bu hərbi münaqişə ilə bağlı aparılan danışıqlarda Kremllə anlaşmaqda çətinlik çəkir. Çünki Tramp administrasiyası Ukrayna savaşının dayandırılması üzrə ardıcıl olaraq, müxtəlif sülh variantları hazırlayıb, Kremlə təqdim edir. Ancaq Rusiya tərəfi həmin sülh variantlarına demək olar ki, heç bir əhəmiyyət vermir. Əksinə, Kreml buna cavab olaraq, həm Ukraynanın, həm də ABŞ və Qərbin qəbul edə bilməyəcəyi tələb-şərtlər irəli sürür. Və nəticədə Ukrayna savaşının dayandırılması üçün qurulan sülh masasında iştirakçı tərəflərin mövqelərində yaxınlaşma mümkün olmur.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp bu istiqamətdə növbəti dəfə cəhd göstərib. Belə ki, Ağ Ev sahibi Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığından məyus ayrilıb. Ona görə də, prezident Donald Tramp hətta Kreml sahibinin sülh masasında olmadığını vurğulayaraq, onu Ukraynaya qarşı savaşı davam etdirmək niyyətində ittiham edib. Prezident Vladimir Putinin Ağ Ev sahibi ilə telefon danışığndan dərhal sonra Rusiya ordusu Ukraynanın bəzi iri şəhərlərini raket atəşinə tutub. Və bu, o deməkdir ki, Kreml sahibi ABŞ prezidenti ilə anlaşmaq niyyətindən çox-çox uzaqdır.
Təbii ki, prezident Donald Tramp bu siyasi-diplomatik uğursuzluqla barışmaq niyyətində deyil. Son məlumatlara görə, Ağ Ev sahibi Rusiyaya qarşı daha sərt mövqenin vacibliyi barədə ona verilən məsləhətlərə ciddi yanaşmağa başlayıb. Prezident Donald Tramp Kreml sahibi Vladimir Putinlə telefon danışığından əvvəl ABŞ-ın Ukraynaya hərbi yardımlarının dayandırılması barədə verdiyi qərarı da artıq dəyişməyə hazırlaşır. Və bu, Rusiya üçün ən təhlükəli variantlardan biri sayılır.
Maraqlıdır ki, prezident Vladimir Putin tərəfindən beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurulan Ağ Ev sahibi bu dəfə Ukrayna lideri Volodimir Zelenski ilə də telefonla danışıb. Qərb mətbuatının iddialarına görə, bu telefon danışığının nəticələri ABŞ-ın Ukrayna savaşına münasibətdə yeni siyasi kursu start verəcəyi ilə bağlı ehtimalları artırıb. Belə ki, Ağ Ev sahibi Ukraynaya silah tədarükünün dayandırılması barədə qərar vermədiyini vurğulayıb. O, bildirib ki, Pentaqona sadəcə, ABŞ-ın silah ehtiyatlarının yoxlanılması barədə tapşırıq verib. Və bu baxımdan, Tramp administrasiyasının Rusiyaya yönəlik mövqeyinin sərtləşəcəyi, ABŞ-ın Ukraynaya hərbi dəstəyin bərpa oluna biləcəyi qətiyyən istisna deyil.
Belə anlaşılır ki, prezident Donald Trampın Pentaqona sursat ehtiyatlarını yoxlamaq barədə göstərişi rəsmi Kiyevə hərbi dəstəyin dayandırılmasına deyil, bundan sonra Ukraynaya silah göndərilməsinin intensivləşdirilməsinə yönəldilə bilər. Üstəlik, bu, Ağ Evin yaxın gələcəkdə Ukraynaya yardım paketlərini yalnız siyasi-diplomatik deyil, həm də savaş meydanındakı hərbi nəticələrlə izah etməsinə də yol açacaq. Və bu baxımdan, ABŞ-ın Ukraynaya göstərəcəyi hərbi yardımın əhatə dairəsi Kremlin davranışlarından da asılı ola bilər.
Məsələ ondadır ki, prezident Donald Tramp Ukrayna savaşının istiqamətlərinə aktiv müdaxilə niyyətindən geri çəkilməyə hazırlaşmır. Əksinə, bundan sonra verəcəyi həlledici qərarları əsasən, Kremlin davranışları və Ukraynanın üzləşdiyi durumla uyğunlaşdırmağa üstünlük verəcəyini qabardır. Belə ki, əgər, Kreml daha güzətli mövqe tutmaqla, prezident Donald Trampa Ukrayna savaşını sülh masasında həll etmək imkanları açarsa, bu, Ağ Ev sahibinə həm beynəlxalq məkanda, həm də ABŞ daxilində olduca ciddi siyasi üstünlüklər qazandıra bilər.
Halbuki, Tramp administrasiyasının Rusiyaya münasibətdə indiki yumşaq mövqeyinin dəyişməz qalması Qərb siyasi dairələrində fikir ayrılıqlarını və ziddiyyətləri daha da dərinləşdirə, kollektiv təhlükəsizlik sistemində parçalanmanı geriyədönməz mərhələyə də keçirə bilər. Bu baxımdan, Ukrayna savaşının hazırda yeni bir mərhələyə qədəm qoymaq üzrə olduğunu da düşünmək olar. Çünki Kreml sahibi Vladimir Putin öz mövqeyi ilə Tramp administrasiyasına “sülh narrativləri”ni davam etdirmək şansı buraxmır. Və ona görə də, indi ABŞ istəməsə belə, Rusiyaya yönəlik yumşaq mövqeyindən uzaqlaşıb, kollektiv Qərblə mövcud ziddiyyətləri zəiflədə biləcək səviyyədə Ukraynaya hərbi dəstək vermək məcburiyyətində qalmış kimi görünür.
Belə anlaşılır ki, Rusiya öz davranışları ilə ABŞ-ın Ukraynanın yanında yer almasını təmin edir. Belə ki, prezident Donald Tramp ABŞ-ın beynəlxalq nüfuzunu xilas etmək üçün indi Ukraynaya silah-sursat və müasir hərbi texnika göndərməli olacaq. Bu, Ukrayna üçün Rusiya ilə savaş meydanında situasiyanı yenidən öz xeyrinə dəyişmək şansı deməkdir. Və ona görə də, indi rəsmi Kiyev böyük səbrsizliklə prezident Donald Trampın bu barədə yekun qərarını gözləyir.
Göründüyü kimi, indi Ağ Ev sahibinin verəcəyi qərarlar Rusiyanın mövqeyindən də asılıdır. Əgər, Kreml mövqeyini nisbətən yumşaldarsa, prezident Donald Tramp Rusiyaya yönəlik pozitiv manevrlərində israrlı ola bilər. Əks halda, Ağ Ev sahibinin Ukrayna ordusunun ciddi şəkildə gücləndirilməsinə yönəlik qərarlar verəcəyi istisna deyil. Və belə olacağı təqdirdə, iqtisadi çöküş, eləcə də ordunun təchizat prosesində böhran yaşayan Rusiyanın yeni hərbi situasiyanın təzyiqlərinə nə qədər tab gətirə biləcəyi də indi cavabsız suallar sırasına daxildir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert