AZ

Vüqar Zifəroğlu: Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir

"Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir, bunun artıq vaxtıdır".

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda baş tutan dəyirmi masada deyib.

O bildirib ki, 2025-ci ildən jurnalistika ixtisasının tədris proqramında mühüm dəyişikliklər gözləyir.

"Proqram müasir dövrün tələblərinə cavab verməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma ilə məhdudlaşmır, eyni zamanda informasiya cəmiyyətinin çağırışlarına, yeni peşə standartlarına və jurnalistikanın transformasiyasına cavab verən bir yanaşma tələb edir”, – V.Zifəroğlu əlavə edib.

Media savadlılığının vacibliyinə bildirən dekan bu sahədə ixtisaslaşmaya ehtiyac olduğunu vurğulayıb:

“Jurnalistika fakültəsində artıq media savadlılığı fənni tədris proqramına daxil edilib. Lakin bu kifayət deyil. Media savadlılığı üzrə ixtisaslaşma olmalıdır ki, bu sahədə mütəxəssislər yetişdirilsin və onlar orta məktəblərdə, universitetlərdə dərs keçsinlər. Qərbi Avropada media savadlılığı 1940-cı illərin sonlarından, Türkiyədə isə 1970-ci illərin ortalarından etibarən orta məktəblərdə tədris olunur.
Bu gün dezinformasiya geniş yayılır. Bunun qarşısını almağın effektiv yolu media savadlılığının tədrisə inteqrasiya edilməsidir. Belə olan halda auditoriya həm etibarlı məlumat mənbələrini ayırd etməyi, həm də aldığı informasiyanı analiz etməyi bacaracaq. Bu, dezinformasiyanın yayılmasının qarşısını da müəyyən mənada alacaq.
Yəni artıq media savadlılığı təkcə jurnalistlər üçün deyil, cəmiyyətin bütün üzvləri üçün zərurətə çevrilib. Bu səbəbdən də gələcək jurnalistlərə bu sahənin ayrıca öyrədilməsi vacibdir”.

O, əlavə edib ki, müasir medianın sürətlə dəyişdiyi bir dövrdə ənənəvi tədris metodları ilə irəliləmək mümkün deyil və proqramların yenilənməsi, tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdən biri olmalıdır.

Seçilən
28
4
teleqraf.com

5Mənbələr