Artıq yay tətili günləri başlayıb və əhalinin böyük hissəsi istirahət planlarını reallaşdırmağa çalışır. Lakin bu il müşahidə olunan qeyri-sabit hava şəraiti daxili turizmin inkişafına mənfi təsir göstərib. Yağıntılı və sərin hava səbəbindən bölgələrə olan maraq müəyyən qədər azalıb.
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev Modern.az-a açıqlamasında bildirib ki, yerli əhali daha çox ölkə hüdudlarından kənarda istirahət etməyə üstünlük verir:
“Şəki, Qax, Zaqatala və Balakən istiqamətində yağıntılı hava səbəbindən turist axını zəifləyib. Qarabağ bölgəsinə isə yol məsafəsinin uzaq olması və havaların mülayim keçməsi bu istiqamətə olan marağı azaldıb. İnsanlar daha çox Bakı və ətraf ərazilərdə istirahətə üz tuturlar. Bununla belə, həftəsonları Şimal bölgələrinə müəyyən qədər turist axını müşahidə olunur”.
Turizm eksperti onu da diqqətə çatdırıb ki, ötən ilin iyul ayı ilə müqayisədə bu il hava şəraitinin daha qeyri-sabit olması daxili turizm sektorunda müəyyən itkilərə səbəb olub. Belə ki, turizm obyektləri - otellər, restoranlar və istirahət mərkəzləri boş qalıb, bu isə bölgələrdə iş yerlərinin azalmasına gətirib çıxarıb:
"Bu, əlbəttə, arzuolunan hal deyil. Biz mütəmadi olaraq, vətəndaşların bölgələrə davamlı və dayanıqlı şəkildə səfərlərini təşviq etməliyik".
R.Quliyev əlavə edib ki, iyul ayının ikinci yarısından etibarən havaların sabitləşməsi və temperaturun artması ilə daxili turizmdə canlanma müşahidə olunacaq:
"Əsas odur ki, bölgələrə turist axını bərpa olunsun, oradakı turizm kompleksləri fəaliyyətini davam etdirə bilsin. Bu həm sosial rifaha müsbət təsir edir, həm də yeni iş yerlərinin açılmasına şərait yaradır".
Ekspert son olaraq qeyd edib ki, bölgələrdə turizmin inkişafı ölkə üçün strateji əhəmiyyət kəsb edir və bu sahə daim prioritet istiqamət olaraq qalmalıdır.
Aytac Bəhruzqızı