AZ

İctimaiyyət nümayəndələri kimdir və hardadır? – “İctimai dinləmə” adlı tamaşa » AzadMedia.az


Bakının siması – onun yaddaşı, ruhu və tarixidir. Amma təəssüf ki, bu yaddaş illərdir sistemli şəkildə silinir. Tarixi binalar, arxitektur abidələr sökülür, onların yerində yad memarlıq nümunələri, ticarət mərkəzləri və şüşə qüllələr ucalır. Bu prosesi illərdir yazırıq, ictimaiyyətin diqqətinə çatdırırıq. Bu dəfə jurnalist Eynulla Fətullayevin son sosial media paylaşımı bir daha göstərdi ki, nəinki dağıntılar dayanmır, hətta bu prosesi “ictimai dinləmə” adı ilə legitimləşdirməyə çalışırlar.

Dünən Milli Məclisdə guya Bakıda tarixi abidələrin dağıdılması ilə bağlı ictimai dinləmə keçirilib. Adı “ictimai”, özü “idarəedicilərin” arasında baş tutan bu tədbirdə kimlər iştirak edib? Nazirlər, nazir müavinləri, millət vəkilləri, universitet rektorları və məmurlar. Yəni dövlətin özü-özünü dinləyib, özü-özünə sual verib, özü-özünü mühakimə edib. Bəs, ictimaiyyət haradadır? O ictimaiyyət ki, bu dağıntılara qarşı illərdir səsini ucaldır, araşdırmalar aparır, məqalələr yazır, kampaniyalar təşkil edir. Bəs onlara niyə söz verilməyib?

Çünki bu “dinləmələr” tənqid üçün deyil, görüntü naminə keçirilir. Çünki həqiqi ictimai fəalların, şəhərsevərlərin, memarların, tarixçilərin, jurnalistlərin iştirakı dinləməni rahat “tədbir” olmadan çıxarıb əsl müzakirəyə çevirərdi. Bu isə, görünür, kimlərinsə planına uyğun deyil.

Tarixi binaların taleyi ilə bağlı verilən suallara Mədəniyyət Nazirliyinin cavabı da ziddiyyətlidir: bir tərəfdən binalar sökülür, digər tərəfdən isə nazirlik bu prosesi “qəti şəkildə pisləyir”. Yəni kim sökür, kim dağıdır, kim məsuliyyət daşıyır, bilinmir. Elə bil ki, bu şəhərin sahibi yoxdur. Əgər bir dövlət qurumu özünün pislədiyi işi durdurmaq gücündə deyilsə, demək, məsələ sadəcə iradə yoxluğundan deyil, sistemli laqeydlikdən qaynaqlanır.

Əslində isə bu “ictimai dinləmələr”in əsl məqsədi cəmiyyətin qınağından yayınmaqdır. Amma unutmasınlar ki, real ictimaiyyət – yəni bu şəhərin həqiqi sahibləri olan insanlar susmur. Onlar yazır, çəkir, ifşa edir. Hələlik dinləmələrə çağırılmasalar da, bu şəhərin tarixini qorumağa davam ediblər, edirlər, edəcəklər.


Seçilən
17
1
azadmedia.az

2Mənbələr