AZ

İŞDƏN ÇIXARILAN NAZİR İNTİHAR ETDİ – Keçmiş müavini əleyhinə ifadə verib + VİDEO (Yenilənib)

Rusiya Prezidenti Vladimir Putinin iyulun 7-də imzaladığı fərmanla vəzifəsindən çıxarılan nəqliyyat naziri Roman Starovoyt, ehtimal ki, iyulun 5-dən 6-na keçən gecə – istefasının rəsmi elan olunmasından xeyli əvvəl vəfat edib.

Bu barədə “Forbes” istintaq orqanlarına yaxın mənbəyə istinadən özünün teleqram kanalında məlumat yayıb.

Agentlik həmçinin “RTVI”a danışan Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun Starovoytun ölümü ilə bağlı məlumatı təsdiqləyərək “faciə xeyli əvvəl baş verib” sözlərinə istinad edib.

Rusiya KİV-in məlumatına görə, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, keçmiş nazirin güllə yarası olan meyiti Odintsovo şəhər dairəsi ərazisində, onun öz avtomobilində tapılıb. Eyni zamanda, söhbətin Romaşkovo kəndindəki parkın yaxınlığındakı dayanacaqda tapılan “Tesla” elektromobilindən getdiyi iddia edilir. Həmçinin bir sıra KİV Starovoytun Odintsovodakı evində intihar etdiyi barədə məlumat yayıblar.

RBK-nın məlumatına görə, Starovoytun ölümü ilə bağlı ballistik və tibbi ekspertizalar təyin ediləcək və bunlar ölümün səbəbini müəyyənləşdirməyə kömək edəcək. Hazırda əsas versiyalardan biri intihardır. Agentlik iddia edir ki, Starovoytun meyiti onun avtomobilindən bir neçə metr aralıda kolluğun arxasında tapılıb. Fövqəladə xidmətlərin əməkdaşları artıq məmurun meyitini avtomobilə daşıyıb, meyit morqa aparılacaq. (“Report” )

***

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, – məlumatda deyilir.

“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.

“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin keçmiş rəhbəri, əvvəllər onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

Seçilən
45
moderator.az

1Mənbələr