AZ

Şəhid Kənanın Suqovuşan istiqamətində döyüşlərdə yazdığı qəhrəmanlıq dastanı...

 1998-ci ildə  Cəlilabad rayonunun Məmmədrzalı kəndində  dünyaya göz açan  Kənan Məmmədov Vətən müharibəsində 30 il düşmənə əsir düşən Qarabağımızın azadlığı uğrunda çəkinmədən, qorxmadan özünü odun-alovun içinə atıb. “Təki Vətən yaşasın!”,- deyib son damla qanına qədər yağıya qarşı qəhrəmancasına vuruşub. Döyüş meydanında qazandığı hünər ona bütöv bir xalqın əbədi məhəbbətini qazandırıb və   adı dillərdə  qəhrəmanlıq simvoluna dönüb. Dünya durduqca Kənanın 22 illik  şərəfli  ömür yolu hər gələn nəsillərə örnək olacaq.  Dövlət tərəfindən layiq görüldüyü  "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalı da Kənanla maraqlanan hər kəsə onun döyüş meydanında göstərdiyi şücaətdən danışar...

Kənan Tofiq oğlu Məmmədov  kənd orta məktəbində oxuduğu  zaman doğma yurduna sonsuz məhəbbəti, gözəl tərbiyəsi onu hamının sevimlisi edib. Bu, istedadlı, vətənpərvər oğlan yaxşılardan görüb-götürməklə boy atıb. Qəlbində olan bütün saf arzularını da Vətənlə bağlayıb. Orta təhsilini  başa vuranda  son dərəcədə ağıllı, mərd, cəsur bir gənc kimi tanınıb, sevilib. Doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq  ona daim sədaqətli olmaq üçün hərbiçiliyi daha şərəfli peşə bilib.

Qəlbində Vətən sevgisi, erməni quldurlardan  intiqam, qisas  almaq alovu  cəbhə bölgəsində həqiqi  hərbi  xidmətə  başlayıb.  Əsgəri borcunu şərəflə yerinə yetirib. Həmişə də nəyin bahasına olursa-olsun  əsir Qarabağımızın  mənfur düşmən tapdağından azadlığını düşünüb  və döyüş meydanında onun başını əzməkdən ötrü hərbi təlimlərə həvəslə qoşulub, çətin məqamlarda belə cəsurluğu sayəsində uğur qazanıb. Vətən üçün yaşayan Kənan əsgərlikdən sonra öz həyatını tam hərbiyə bağlayıb, bu sahədə nümunəvi  xidmətini davam edib.

Ermənistan işğalçı hərbi birləşmələrinin 2020-ci il sentyabrın 27-dən  cəbhə xətti boyunca  Azərbaycanın  hərbi mövqelərini  və yaşayış məntəqələrini  ağır artilleriya atəşinə tutmasına  cavab olaraq  Ordumuz  Ali Baş Komandanın   əmri  ilə əks-hücuma keçib. İkinci Qarabağ müharibəsi başlanıb.  Kənan Məmmədov Vətənin ağır günündə qeyrətli oğul kimi onun harayına birincilər sırasında hay verib və əlində silah odlu səngərdə  yağıya qarşı savaşa girib. Qatıldığı neçə-neçə qanlı döyüşlərdə rəşadət nümunəsi göstərərək düşmənə ağır itkilər verib.   Sonda Talış kəndi və Suqovuşan istiqamətində şiddətli  müharibə meydanında  tarix yazaraq qəhrəmancasına şəhadətə qovuşub.

Kənan Məmmədov Vətən uğrunda şəhid olmağı  özünə şərəf bildi.  Belə cəngavər, qeyrətli oğulların həyat yolunu örnək seçməklə onlarla qürur duymağa dəyər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
18
50
ikisahil.az

10Mənbələr