Akif Nəsirli: “Fındığın satış bazarı inhisardadır, ixrac potensialı isə bir neçə şirkətə məxsusdur”
Fındıqçılığın inkişafı daim diqqət mərkəzindədir. Bu istiqamətdə müəyyən işlər görülür. Ancaq son günlər Quba-Xaçmaz bölgəsində “Yaş fındıq 1 manata alınır!" tipli elanlar artıb.
Bu elanlar fındıq becərən kəndlilərin narazılığına səbəb olub. Buna səbəb yaş fındığın ucuz qiymətə alınmasıdır. Qeyd edək ki, ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpik olub, bu il isə 1 manat.
Fındığın alış qiymətinin bu şəkildə aşağı salınması kəndliləri narazı salıb. Bu işlə məşğul olanlar qeyd edir ki, yaş fındığın 1 manata alınması tək fındıq yığımına çəkilən xərcin yarısını belə ödəmir. Bir kiloqram yaş fındığı yığmaq üçün fəhlə 50 qəpik istəyir. Yəni alıcının verdiyi 1 manatın yarısı artıq gedir. Bura əlavə olaraq daşınma xərcləri, fəhlələrin yeməyi, su pulu, budama haqqı və digər “görünməyən” xərcləri də gəldikdə, bağ sahibi fındıqdan qazanc yox, ziyan görür.
Onu da bildirək ki, fındıq Azərbaycanın strateji məhsuludur. Ölkəyə ən çox valyuta gətirən ikinci əsas kənd təsərrüfatı məhsuludur. Belə olan halda məlum problem necə həll olunmalıdır?
Ekspertlər hesab edir ki, mövcud vəziyyət dəyişməsə, yəni kəndli əməyinə dəyər verilməsə, növbəti 2-3 il ərzində fındıqçılıq sektoru ölkədə ciddi tənəzzülə uğraya bilər. Hətta illik fındıq istehsalı da kəskin şəkildə azalacaq və ixrac imkanları da məhdudlaşacaq. Belə olan halda ölkəyə daxil olan valyuta həcmi azalacaq, strateji gəlir mənbələrindən biri zərbə altına düşəcək.
“Fındıq istehsalını çoxaltmaq tək çıxış yolu deyil, fındığın satışı, ixracı azad olmalıdır”
Mövzu ilə bağlı fikir bildirən aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dövlətin dəstəyi ilə fındıq sahəsi 30 mindən 60 min hektara çatıb. Ancaq fındığın satış bazarı inhisardadır, ixrac potensialı isə bir neçə şirkətə məxsusdur: “Bu səbəbdən də həmin şirkətlər fındığı mümkün qədər ucuz almaq istəyir ki, gəlirlərini daha da artırsın. İstehsalı çoxaltmaq tək çıxış yolu deyil, fındığın satışı, ixracı azad olmalıdır. Hökumət bu istiqamətdə müəyyən işlər görməlidir ki, fındıq ixracatı, emalı monopoliyada olmasın. Bununla bağlı şirkətlər belə fəaliyyət göstərməlidir ki, bazarda qiyməti təbii yolla tənzimləsin. Hazırda bu istiqamətdə 3-4 şirkət fəaliyyət göstərir. Onlar da Azərbaycanın şimal rayonlarında mövcuddur və adıçəkilən məhsulu kəndlidən ucuz qiymətə alırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünya bazarında fındığın qiyməti 10-15 dollardır, bizdə isə 1 dollar belə deyil: “Fındıq istehsalçıları, demək olar ki, fındıq ticarətçiləri üçün işləyir. Təbii ki, bu da narazılığa səbəb olur. Quba-Xaçmaz bölgəsində yayılan elanlar bazara ilkin təsirin göstəriciləridir. Fındıq alıcıları yaxşı bilir ki, bu il məhsuldarlıq elə də çox deyil. Ona görə də bu cür elanı yayıblar. Yaxşı olar ki, fındıq istehsalı ilə məşğul olanlar bazara çıxış yolunu özləri tapsın, şirkət yolu ilə deyil. Bir neçə fermer bir araya gələrsə özləri məlum problemdən çıxış yolu tapa bilər”.
Günel CƏLİLOVA