Qəbələ sakini dünyasını dəyişmiş qızının iki azyaşlı övladına rəsmi qaydada qəyyum təyin olunsa da, müavinət ala bilmir.
Xezerxeber.az-ın məlumatına görə, Qəbələ rayonunun Mirzəbəyli kənd sakini Xatirə Süleymanovanın qızı 31 yaşlı Pərvanə Nəbizadə ötən il dünyasını dəyişib.
Xatirə Süleymanova iki azyaşlı nəvəsinə qəyyum təyin olunub. Lakin indiyə kimi qəyyumluğa görə pulu ala bilmir.
Qəbələ sakini deyir ki, uşaqların atası qızı ölmədən öncə boşanıb. Uşaqlar azyaşlı olmasına baxmayaraq ataları da əksər hallarda köməklik göstərmir.
Dövlət Sosial Müdafiə Fondundan isə məsələyə belə münasibət bildirildi: “Qanunvericiliyə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət ünvanlı dövlət sosial yardım almaq hüququ yarandıqda təyin edilir.
Qəbələ rayon sakini Süleymanova Xatirə Eynulla qızının isə ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə indiyədək heç bir müraciəti daxil olmayıb. Vətəndaş elektron qaydada müraciət etdiyi halda ailənin ünvanlı dövlət sosial yardım təminatına qanunvericiliyə uyğun olaraq baxılacaq və müavinət hüququna dair müvafiq qərar veriləcək”.
Həmçinin qeyd edilir ki, Xatirə Süleymanovanın nəvələrinə ailə başçısını itirməyə görə 2024-cü ilin martın 29-dan müavinət təyin olunub. Hazırda müavinətin məbləği aylıq olaraq 280 manat təşkil edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.