Ermənistanda baş nazir Nikol Paşinyanın korrupsiyaya qarşı mübarizə kursu davam edir.
Musavat.com xəbər verir ki, bu dəfə Ermənistan parlamenti baş prokurorun iki tanınmış deputat – Seiran Ohanyan və Artsvik Minasyanı toxunulmazlıqdan məhrum etmək barədə vəsatətini təsdiqləyib.
Artsvik Minasyan 2016–2018-ci illərdə Ermənistanın ətraf mühitin mühafizəsi naziri vəzifəsində çalışıb. Baş prokurorluğun məlumatına görə, o, vəzifədə olduğu müddətdə qanunsuz tikinti ilə bağlı məlumat verməli olduğu halda bunu etməyib. Nəticədə, həmin villa nəinki leqallaşdırılmayıb, hətta ictimai istifadəyə verilməsi planlaşdırılan investisiya layihəsinə də daxil edilib ki, bu da prokurorluq üçün əlavə hüquqi maneələr yaradıb.
Seiran Ohanyan isə 2010–2015-ci illərdə müdafiə naziri postunu tutub. İstintaqın versiyasına görə, o, Geqarkunik vilayətinin Draxtik icmasında 10,5 min kvadratmetr torpaq sahəsini qanunsuz mənimsəyib. Həmin ərazidə məhz Ohanyana məxsus olduğu iddia edilən böyük bir villa inşa edilib.
Siyasi müşahidəçilər bu qərarı Paşinyanın həm korrupsiyaya qarşı qəti mövqeyinin, həm də Rusiyapərəst qüvvələrin təsirini zəiflətmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirirlər.
Musavat.com