“Şaxtyor” klubunun sabiq müdafiəçisi və hazırkı idman direktoru Dario Srna FIFA-nı Ukrayna klublarına münasibətdə ədalətsizlikdə ittiham edib.
90deqiqe.Az-ın “Marca"ya istinadən yaydığı xəbərə görə, o, qurumun 2022-ci ildən tətbiq etdiyi və bu yaxınlarda 2026-cı ilin yayına qədər uzadılan qaydaları tənqid edib. Qaydalara əsasən, legioner futbolçular Ukrayna klubları ilə müqavilələrini birtərəfli qaydada dayandıra bilirlər.
“UEFA kifayət qədər dəstək göstərdi. Aleksander Çeferin çətin vəziyyətdə kömək etməyə hazır olduğunu sübut etdi. Amma FIFA heç nə etmədi. Onlar qanunlarla ukraynalı klubları və futbolçuları qorumalıydılar, lakin bunu etmədilər. Biz hələ də milyonlarla avro ödədiyimiz oyunçulara görə pul xərcləyirik, amma onlar bu qaydadan istifadə edib klubdan ayrıldılar. Məsələn, Tete və Manor Solomon müqavilələrinin sonuna az qalmış klubu tərk etdilər və daha sonra azad agent oldular”
Xatırladaq ki, “Şaxtyor” Tete üçün 15 milyon avro, Solomon üçün isə 6,5 milyon avro ödəmişdi. Hazırda braziliyalı yarımmüdafiəçi “Qalatasaray”da, israilli futbolçu isə İngiltərənin “Tottenhem” klubunda çıxış edir.