Azərbaycanda yeni virus təhlükəsi: Yay fəslində yayılan xəstəlik narahatlıq doğurur Yay fəslinin istisinə baxmayaraq, son günlər Azərbaycanda əhali arasında qrip simptomlarına bənzər virus halları müşahidə olunur. Xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması və tutulması kimi əlamətlərlə özünü göstərir. Həkimlər bunun adi soyuqdəymə deyil, daha kompleks bir infeksiyanın əlamətləri ola biləcəyini istisna etmirlər. Maraqlıdır ki, bu cür halların artması təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. Belə ki, Hindistanda yeni virus yayılmaqdadır və yoluxma halları sürətlə artır. Yalnız bir həftə ərzində bu ölkədə virusa yoluxanların sayı 257-dən 1010-a yüksəlib. Mütəxəssislər bildirir ki, burada əsas səbəb COVID-19-un yeni alt variantları – NB.1.8.1 və LF.7 adlandırılan ştamplardır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları nəzarətdə saxlayır, ilkin müşahidələrə görə isə xəstələrin əksəriyyətində simptomlar yüngül keçir. Azərbaycanda isə vəziyyət hələlik stabil qiymətləndirilir.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla Referans-a açıqlamasında bildirib ki, hazırda pandemiya təhlükəsi olmasa da, müxtəlif virus ştampları mövcuddur və zaman-zaman epidemik ocaqlar yarana bilər: "COVID-19 bitməyib, sadəcə pandemiya dövrü geridə qalıb. Viruslar mutasiya etməyə davam edir və yeni ştamplar zaman-zaman ortaya çıxır. Bundan başqa adenovirus, B19, influenza, hətta qızılca kimi infeksiyalar da bir-biri ilə qarışaraq mürəkkəb epidemioloji fon yaradır.
Ekspert eyni zamanda onu da deyib ki, yay fəslində insanlar tez-tez kondisioner altında qalır, səhv geyim seçimləri edir və bu, immun sistemin zəifləməsinə, xəstəliklərin daha tez yayılmasına şərait yaradır. Soyuqdəymələr və virus infeksiyalarının qarşısını almaq üçün Adil Qeybulla bir sıra tədbirlərin görülməsini də tövsiyə edir: Hava şəraitinə uyğun geyinmək Kondisioner və hava cərəyanından uzaq durmaq İctimai yerlərdə maska taxmaq Xəstə insanlarla təmasdan çəkinmək O, həmçinin qeyd edir ki, hazırkı dövrdə yeni pandemiyanın baş verməsinə dair konkret əlamətlər olmasa da, ÜST-ün dəfələrlə vurğuladığı kimi, gələcəkdə qrip pandemiyası ehtimalı hər zaman aktualdır.
"Hazırda Azərbaycanda karantin rejimi rəsmi olaraq qüvvədə qalmaqdadır. Sərhəd nəzarəti və profilaktik tədbirlər çərçivəsində vəziyyətə nəzarət olunur. Lakin yay mövsümündə insanların istirahət və səyahət planları fonunda ehtiyatlı olmaq, gigiyenik qaydalara əməl etmək və tibbi tövsiyələrə ciddi yanaşmaq zəruridir. Nəticə: Hələlik yeni bir pandemiya təhlükəsi olmasa da, həm yerli, həm də qlobal səviyyədə yayılan virusların izlənməsi və vətəndaşların fərdi qoruyucu tədbirlərə əməl etməsi vacib sayılır",- deyə ekspert əlavə edib.
Gülgəz Qədirova
Referans