AZ

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

Heydər Əliyev Beynəlxalq Aeroportu enerji səmərəliliyinin artırılması və ətraf mühitin mühafizəsi istiqamətində atdığı addımların növbəti təsdiqi olaraq, ISO 50001:2018 – Enerji İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikat əldə edib.

Beynəlxalq aeroportdan AZƏRTAC-a verilən məlumata görə, bu mühüm nailiyyət SƏTƏMM və KN İdarəsinin digər aidiyyəti struktur bölmələrlə sıx və məqsədyönlü əməkdaşlığı nəticəsində mümkün olub. Sertifikatlaşdırma prosesi qlobal miqyasda tanınmış audit və sertifikatlaşdırma qurumu "TÜV Austria" tərəfindən həyata keçirilib. Audit nəticələrinə əsasən, hava limanının enerji idarəçiliyi sahəsində fəaliyyəti beynəlxalq tələblərə tam uyğun qiymətləndirilib.

ISO 50001:2018 standartı müəssisələrin enerji performansını sistemli şəkildə artırmasına, enerji sərfiyyatını və xərclərini azaltmasına, eləcə də karbon emissiyalarını minimuma endirməsinə imkan verən çevik və dövri əsaslarla inkişaf edən idarəetmə çərçivəsini təqdim edir. Bu yanaşma xüsusilə yüksək enerji istehlakçısı olan kompleks infrastruktur obyektləri – o cümlədən müasir beynəlxalq hava limanları üçün strateji əhəmiyyət kəsb edir.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji idarəetməsi sahəsində ISO 50001 kimi nüfuzlu beynəlxalq standart üzrə sertifikat əldə etməsi fəaliyyətimizin yalnız bu günə deyil, həm də gələcəyə hesablandığını göstərir. Bu uğur ətraf mühitə olan məsuliyyətimizin və dayanıqlı inkişaf yanaşmamızın real nəticəsidir”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov qeyd edib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun ISO 50001:2018 sertifikatına layiq görülməsi müəssisənin enerji idarəçiliyində beynəlxalq standartlara tam uyğun, sistemli və davamlı yanaşmanı tətbiq etdiyini göstərir. Bu, həm effektiv idarəçiliyin, həm də ətraf mühitə yüksək məsuliyyətin bariz nümunəsidir”, - deyə “TÜV Austria”nın Azərbaycandakı nümayəndəliyinin direktoru Ülkər Quliyeva vurğulayıb.

Seçilən
8
50
azerbaijan-news.az

10Mənbələr