"Mərhum nazir böyük korrupsiya qalmaqalının əsas fiqurlarından biri kimi istintaqa cəlb olunubmuş..."
53 yaşlı Roman Starovoyt bu gün vəzifəsindən azad olunduqdan sonra ölü tapılıb. Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, o, ehtimal ki, intihar edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, nazirin odlu silah yarası almış cəsədi iyulun 7-də Moskva vilayətinin Odintsovo şəhər dairəsində, şəxsi avtomobilində aşkarlanıb. Hadisə yerində istintaqçılar işləyir və ilkin versiya kimi intihar ehtimalı araşdırılır.
Daha öncə, həmin gün Rusiya prezidenti Vladimir Putin Starovoytun nəqliyyat naziri vəzifəsindən azad olunması ilə bağlı fərman imzalayıb. Fərmanda vəzifədən azad edilmənin səbəbləri göstərilməyib. Starovoyt bu vəzifədə cəmi bir il - 2024-cü ilin mayından 2025-ci ilin iyulunadək fəaliyyət göstərib. Ondan öncə beş ildən çox müddətdə Kursk vilayətinin qubernatoru olub.
Onun yerinə Kursk vilayətinə müvəqqəti rəhbər təyin edilən Aleksey Smirnov isə qısa müddət sonra, 2025-ci ilin aprelində vəzifəsindən istefa verərək həbs olunub. Smirnova qarşı Ukrayna ilə sərhəddə müdafiə istehkamlarının tikintisi üçün ayrılmış 1 milyard rublun mənimsənilməsi ittihamı irəli sürülüb.
Starovoytun adı korrupsiya işində hallanır
"Kommersant" və RBK-nin mənbələrinə görə, Smirnov istintaqa verdiyi ifadələrdə Starovoytun adını da çəkib. Hətta bəzi mənbələr Starovoyta qarşı da cinayət işinin qaldırılması ehtimalından bəhs edir. Onun adı Kursk vilayətində istehkam tikintisi zamanı büdcə vəsaitlərinin mənimsənilməsində hallanıb.
"Forbes" nəşrinin istintaq orqanlarına yaxın mənbəyə istinadən yazdığına görə, Starovoytun ölümü şənbə axşamına təsadüf edə bilər və cəsəd, əslində, iyulun 5-də, şənbə günü tapılıb. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov da RTVI-yə açıqlamasında Starovoytun "xeyli əvvəl" vəfat etdiyini bildirib.
Karyerası necə başlayıb?
1972-ci ildə Kurskda anadan olan Roman Starovoyt ailəsi ilə birlikdə Leninqrada (indiki Sankt-Peterburq) köçüb. Siyasi karyerası burada başlayıb. O, Peterburqun meri Valentina Matviyenkonun komandasında çalışıb, investisiyalar və strateji layihələr komitəsində avtomobil zavodlarının ("Toyota", "Nissan", "Suzuki") tikintisi layihələrinə nəzarət edib.
Daha sonra Starovoyt federal hökumətdə fəaliyyətə başlayıb. Baş nazir Vladimir Putinin rəhbərliyi altında Soçidə keçiriləcək Olimpiya oyunlarına hazırlıq və Peterburqun tarixi mərkəzinin yenidən qurulması proqramlarına nəzarət edib. 2012-ci ildə Sokolovun nəqliyyat naziri təyin olunması ilə Starovoyt "Rosavtodor"un rəhbəri təyin edilib, 2018-ci ildə isə nəqliyyat nazirinin müavini vəzifəsinə gətirilib.
2019-cu ildə Kursk vilayətində keçirilən seçkilərdə qalib gələrək rəsmi qubernator olub. Lakin onun fəaliyyəti 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin Suca şəhəri də daxil olmaqla Kurskun bir hissəsini ələ keçirməsi ilə ciddi suallar doğurub.
Roman Starovoytun müəmmalı ölümü və onun ətrafında gedən istintaq Rusiya daxilində yüksək rütbəli məmurlar arasında korrupsiya və siyasi məsuliyyətin ağır nəticələri ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib. Qeyri-rəsmi mənbələr hadisənin arxasında daha dərin siyasi səbəblərin dayandığını istisna etmir.