Bakıda 12 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan şəxslə həbsxanada nikaha girib. Qadın qızlarının 11 və 6 yaşı olarkən onları 3 gün cəza çəkmə müəsisəsində qalmaq üçün özü ilə birgə ora aparıb. K. Ağazadə qeyd edib ki, 12 yaşlı qız həbsxanada atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Birlik sədrinin sözlərinə görə, hazırda 12 yaşı olan qız 7 yaşlı bacısının anasının əlindən alınmasını istəyir: "12 yaşlı qız 2 sinif bitirib. Həbsdə olan atalığı isə cinsi zorakılığa görə məhbus həyatı yaşayır",- deyə o əlavə edib.
K. Ağazadənin sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin monitorinq qrupu yaxın günlərdə azyaşlı ilə görüşüb hadisəyə dair ətraflı məlumat alacaqlar.
Şahanə Rəhimli
Musavat.com
