AZ

Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...


Fatimə Hacıbəyli: “Bölgələrdə bu cür uşaqların sayının artmasının ilkin səbəbi erkən nikahdır”

Onları el arasında müxtəlif adlarla adlandırırlar. “Qanunsuz uşaqlar” deyən də var, lap irəli gedib “bic” damğası yapışdıran da. Əslində isə onlar nikahdankənar dünyaya gələn uşaqlardır.

Cəmiyyətin onları necə adlandırmasından asılı olmayaraq, qanun bu uşaqları belə qəbul edir.

Son zamanlar nikahdankənar doğulan uşaqların sayında artım müşahidə olunur. Ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub. Bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahdankənar uşaqlar daha çox rayon, kənd yerlərində doğulub. Milli mentalitetlə qətiyyən uyğun olmayan Avropa ənənəsinin yayılması və rəqəmlərdə əks olunan reallıq təhlükəliməqamlardan xəbər verir. Maraqlıdır, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının bölgələrdə çoxluğunun səbəbi nədir?

“Hazırkı dövrdə gənclər, rəsmi nikah bağlamaqdansa, qeyri-rəsmi yaşamağı daha üstün tutur”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “qanunsuz” adlandırılanuşaqların böyük əksəriyyəti dini nikahdan doğulan uşaqlardır: “Ancaq qanun onları nikahdankənar uşaq kimi qəbul edir. Yəni sənədlərdə belə göstərilir. Bölgələrdə bu cür uşaqların sayının artmasının ilkin səbəbi erkən nikahdır. Təəssüf ki, günü bu gün də valideynlər məktəb yaşlı qızlarını ərə verir və bu nikahdan doğulan uşaq da nikahdankənar uşaq sayılır. Nikahdankənar uşaq deyəndə ilk olaraq “azad seks” yada düşür. Ancaq bu ifadə ucqar kəndlərə elə də aid deyil. Azərbaycan qadını nikahsız uşaq dünyaya gətirmək istəmir. Düzdür, müəyyən yaş dövründən sonra münasibət qurub uşaq dünyaya gətirmək istəyən qadınlar da var. Onların başı işə, karyeraya qarışır və yaxud hansısa formada ailə qurmağı, dünyaya uşaq gətirməyi gecikdirirlər. Onlar bunu şüurlu şəkildə seçirlər və gələcəkdə uşaqları olması üçün bu addımı atırlar. Ümumiyyətlə, 20-30 il bundan qabaq gizli münasibətdən dünyaya gələn uşaqlara qarşı böyük bir reaksiya vardı. Bu uşaqlar cəmiyyət tərəfindən qəbul olunmurdu və ya ailə qəbul etmirdi. Zaman keçdikcə insanların düşüncəsi də dəyişir. Hazırkı dövrdə gənclər, rəsmi nikah bağlamaqdansa, qeyri-rəsmi yaşamağı daha üstün tutur. Gənclərin nikahdankənar münasibətdə yaşamağı seçməsi onların hüquq məsuliyyəti və sosial təzyiqdən yayınmaq istəməsi ilə bağlıdır. Məsuliyyət götürməkdən çəkinirlər. Kişi düşünür ki, sabah məndən mülk, yaxud aliment istənilməyəcək. Azadlıq istəyi və fərdi həyat tərzi də gənclərin rəsmi nikahdan yayınmasına səbəbdir. Boşanma statistikalarını da görürlər, eşidirlər, bu da ailə qurmaqlarına maneə yaradır. Qadınların iqtisadi asılılığı və hüquqsuzluğu da rol oynayır. Qadın bu və digər səbəblərdən bu addımı atmağa razılıq verir”.

Günel CƏLİLOVA

Seçilən
4
4
baki-xeber.com

10Mənbələr