Azərbaycanda ali təhsil alan tələbələrin 51.2 faizini qızlar təşkil edir.
Bu barədə Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov məlumat verib. O, bu fikirləri Laçında keçirilən ECO Qadınlar Forumu çərçivəsində baş tutan “İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
Təhsil eksperti Elşən Qafarov Referans-a açıqlamasında bu göstərici ilə bağlı danışıb.
“Ümumiyyətlə, Azərbaycanda əhalinin say nisbəti də kişilərin sayı 51, qadınların sayı isə 49 faiz təşkil edir. Ümumilikdə, ölkədə hər 100 nəfərdən cəmi 20 nəfər ali təhsil alır ki, bu, olduqca aşağı göstəricidir. Son onillikdə qadınların cəmiyyətdə mövqeyini – istər sosial, istərsə də iş həyatında mövqeyinin artması qadınlar arasında təhsilə meyilliliyi daha çox artırmaqdadır. Nəticə etibarı ilə ali təhsil müəssisələrinə qəbulda da bu özünü göstərir. Amma mən düşünmürəm ki, oğlanların sayı azdır. Hətta deyə bilərik ki, elə də böyük fərq yoxdur”.
Ekspert qeyd edib ki, bir çox ölkələrin statistikasına nəzər salsaq, eyni rəqəmlərdə kəskin fərqlər görə bilərik. Amma Azərbaycanda qorxuducu fərq yoxdur.
“Azərbaycanda təhsil alan qızların sayının çox olması qürurverici və sevindiricidir. Ömər Faiq Nemanzadənin də dediyi kimi “Bir kişinin təhsil alması bir nəfərin təhsil alması deməkdir. Amma bir qadının təhsil alması isə bütün ailənin təhsil alması deməkdir”. Azərbaycan xanımının təhsilli olması millət, xalq üçün gələcəkdə daha intellektual səviyyəli, bilikli övladların, vətəndaşların yetişməsi deməkdir. Ona görə də bu göstərici istənilən halda müsbətdir. Hətta bu rəqəmin daha çox olmasını istərdim”.
Fidan Vəlisoy