Beşbarmaq dağının ətəyində yerləşən məşhur “Xıdır-Zində” piri yaxınlığında yamac paraşütü ilə uçuş həyata keçirən paraşütçü qəza keçirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində paraşütçünün dağa düşdüyü və xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı məlumat dərhal Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə, Siyəzən Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına, Rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə daxil olub.
Hadisə yerinə xüsusi təyinatlı “Nissan Patrol” markalı qəza-xilasetmə avtomobili və 4 nəfər yanğınsöndürən-xilasedici göndərilib və müdaxilə üçün hərəkətə keçilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır, pilotun vəziyyəti və qəzanın dəqiq səbəbləri ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.
Yamac paraşütü kimi ekstremal idman növlərinin yay aylarında populyarlaşdığı bir vaxtda, bu cür hadisələr bir daha təhlükəsizlik tədbirlərinin vacibliyini gündəmə gətirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu