AZ

İqtisadçı: “Təminat Fondu həm fürsət, həm də risk mənbəyidir”

"Milli Məclisdə "Dövlət borcu" haqqında Qanuna dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul olunub.
Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən ssudalar geri qaytarıla bilməyəndə borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılacaq. Yəni bu borclar geri qaytarıla bilməyəndə onun büdcə hesabına ödənilməsi nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşımında qeyd edib.
Deputat bildirib ki, "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdcə ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır:
"Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.
Yeni dəyişiklik Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır".

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, dövlət borcu üzrə zəmanət verilmiş öhdəliklərin Təminat Fondu hesabına ödənilməsi maliyyə sabitliyi baxımından həm pozitiv, həm də neqativ təsirlərə malikdir: 

“Müsbət tərəfdən, Təminat Fondu riskləri əvvəlcədən qiymətləndirərək zəruri ehtiyat formalaşdırır və bu, dövlət büdcəsində kəskin fiskal şokların qarşısının alınmasına xidmət edir. Hökumət və ya onun zəmanət verdiyi qurumlar tərəfindən alınmış və geri qaytarılmayan ssudalar üzrə ödənişlərin davam etdirilməsi investorların etimadının qorunmasına şərait yaradır. Bu, eyni zamanda dövlətin kredit reytinqinə müsbət təsir göstərir. Bununla yanaşı, mənfi təsirlər də mümkündür. Belə ki, geri qaytarılmayan ssudaların həcminin artması Təminat Fonduna əlavə maliyyə təzyiqi yarada bilər və nəticədə fondun davamlılığına təhlükə yarana bilər. Təminat Fondu dövlət büdcəsi vəsaitləri hesabına formalaşdığından bu hallar büdcəyə dolayı fiskal yük gətirə bilər. Əgər kredit alan qurumlar fond tərəfindən ödənişin təmin ediləcəyinə əmin olsalar, bu, məsuliyyətsiz davranışların artmasına, riskli layihələrə meylin çoxalmasına və maliyyə intizamının zəifləməsinə səbəb ola bilər. Geri qaytarılmayan ssudaların qarşısının alınması məqsədilə borcalanın maliyyə dayanıqlılığı və layihənin iqtisadi əsaslandırılması ssuda verilməzdən öncə ətraflı qiymətləndirilməli, girov və digər təminatlar tələb olunmalı, ssudaların monitorinqi gücləndirilməli, borcalan qurumlar tərəfindən vaxtaşırı maliyyə hesabatlarının təqdim edilməsi təmin edilməlidir. Bununla yanaşı, borc öhdəliklərini yerinə yetirməyən qurumların rəhbər şəxslərinin məsuliyyətə cəlb edilməsi və müvafiq hüquqi tədbirlərin tətbiqi mümkün olmalıdır. Əksinə, öhdəliklərini vaxtında və tam şəkildə icra edən qurumlara güzəştlərin verilməsi və növbəti kreditlər üçün üstünlüklərin tanınması təşviq edilməlidir. Dövlət zəmanəti ilə alınmış ssudaları qaytarmayan qurumların isə müəyyən müddət ərzində kreditləşmədən kənarlaşdırılması məqsədəuyğun hesab olunur. Bu mexanizmlərin tətbiqi dövlətin fiskal risklərinin azaldılmasına və büdcə yükünün optimallaşdırılmasına töhfə verə bilər”.
Seçilən
0
11
sherg.az

10Mənbələr