Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı 500 min türk lirəsi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə iyulun 7-də Türkiyə mətbuatı məlumat yayıb.
İddianın verilməsinə səbəb İ.Özelin iyulun 5-də partiyanın Mərkəzi İcraiyyə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında verdiyi açıqlamalar olub. Siyasətçi çıxışında CHP-dən olan bələdiyyə sədrlərinin kütləvi həbslərini kəskin tənqid edib, hakimiyyəti siyasi təqibdə ittiham edib. Prezidentin sözlərinə görə, bu ifadələrdə “təhqir” və “təhdidlər” var.
Ərdoğanın vəkili Hüseyn Aydın bildirib ki, mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia Ankara Birinci İnstansiya Mülki Məhkəməsinə verilib.
“Prezidentimizə qarşı əsassız ittihamlar irəli sürülüb, təhqir və hədələyici ifadələr işlədilib. Mülki iddiadan əlavə Ankara Baş Prokurorluğuna da şikayət ərizəsi verilib, prezidentin təhqir edilməsi və hədə-qorxu gəlmək maddələri ilə cinayət işinin açılması tələb olunub”, – Aydın deyib.
Müşviq Tofiqoğlu
KONKRET.az