AZ

Özünü Türkiyədən gələn vəkil kimi təqdim edib, türkcə danışıb - Azərbaycanda ŞOK dələduzluq işi 

  Ağcabədidə özlərini jurnalist və vəkil kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən sevgililər cinayət məsuliyyətinə cəlb edilib. Məlum olub ki, təqsirləndirilən xanım Türkiyə türkcəsi ilə danışaraq özünü qonşu ölkədən gəlmiş vəkil kimi təqdim edirmiş.

Təqsirləndirilən şəxslər 34 yaşlı Mahirə B. və 33 yaşlı Elvin Məhərrəmovdur.

Onların arasında sevgi münasibəti olub və qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.

İttihama görə, onlar Elvin Məhərrəmovun atasına məxsus “Haqq səsi” adlı redaksiyada olub və jurnalist kimi fəaliyyət göstərirmişlər. Əsasən video çəkiliş edərək yutub kanalında yerləşdirirmişlər.

İstintaqla müəyyən edilib ki, 4 nəfərə qarşı dələduzluq edərək onların pulunu ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Ağcabədi Rayon Pambıq Emalı Zavodunun direktoru Kazım Tapdıqlıdan verdiyi məhsulun pulunu ala bilməyən sakinin məsələsini həll etmək üçün 1060 manat alıblar.

Bundan başqa, vətəndaş Fəxrəddin Hacıyevdən Ağcabədi Suvarma Sistemləri İdarəsi ilə aralarında olan problemi həll etmək üçün 1535 manat alaraq aldadıblar. Başqa bir vətəndaşdan da torpaq sahəsini suvara bilmədiyi üçün üzləşdiyi problemi həll edəcəklərini deyərək 750 manat istəyiblər. Həmin vəsaiti də ələ keçirə biliblər.

İstintaqla müəyyən edilib ki, iş üzrə ən çox maddi zərərçəkmiş şəxs Kəmalə adlı qadın olub. Həmin qadın oğlunun həbsdən azad olunması üçün təqsirləndirilən şəxslərə 16 700 manat pul verib.

Elan olunmuş ittihamla Mahirə özünü qismən təqsirli bilərək deyib ki, himayəsində azyaşlı uşağı olduğu üçün barəsində yüngül cəza təyin edilməsini istəyir.

Onun sözlərinə görə, aldıqları pul Elvinin kartına göndərilib və ya nağd şəkildə alınıb.

Təqsirləndirilən Elvin Məhərrəmov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş şəxslərdən pulu Mahirə alıb. Onun sözlərinə görə, alınacaq məbləği Mahirə müəyyən edib, onun kartını həmin şəxslərə göndərirmiş. Alınan puldan ona da verilib və şəxsi ehtiyaclarına xərcləyib.

Elvin deyib ki, zərərçəkmişlərin evinə gedən zaman Mahirənin sürücüsü kimi həmin proseslərdə iştirak edib. Elvin barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, 4 nəfər zərərçəkmişdən heç birinin pulu geri qaytarılmayıb. Yalnız zərərçəkmiş Kəmalə adlı qadından alınan 16 700 manatın 1300 manatı ödənilib.

Təqsirləndirilən şəxslər və özünü redaksiyanın rəhbəri olaraq təqdim edən Elvin Məhərrəmovun atası ifadəsində deyib ki, zərərçəkmişlərin verdiyi pullar çəkiliş üçün edilən ödənişlər imiş. Yəni həmin zərərçəkmişlərdən başqa məqsədlə pul alınmayıb.

Məhkəmə araşdırması zamanı ifadə verən zərərçəkmişlər deyiblər ki, onlara dəymiş zərər ödənilmədiyi üçün şikayətçidirlər.

İşdə diqqət çəkən maraqlı məqamlardan biri isə zərərçəkmişlərin Mahirəni Türkiyə vətəndaşı olan vəkil kimi tanımaları olub. Belə ki, Mahirə Türkiyə türkcəsi ilə danışırmış. Bununla da zərərçəkmişlərin etibarını qazanıb.

Məhkəmə təqsirləndirilən şəxsləri törətdikləri əmələ görə təqsirli bilib. Məhkəmənin hökmü ilə Mahirə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edliib.

Elvin Məhərrəmov isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elvin Məhərrəmov Vətən müharibəsi qazisidir./ Musavat.com 

Seçilən
0
50
referans.az

10Mənbələr