AZ

Zəngəzurla bağlı son həmlə: Türkiyənin mövqeyi belədir - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Səməd müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi səfərindən geri dönərkən jurnalistlərə Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələrdən danışıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra bu mövzulara aid müzakirələr bir qədər çoxalıb. İndiki halda dəhlizin açılması ilə bağlı əsas yanaşmalar nədən ibarətdir?
 
- Qardaş Türkiyənin bu məsələlərdə mövqeyi yüksək dəyərləndirilir. Nə qədər qəribə səslənsə də, mənim aləmimdə Zəngəzur dəhlizi açıqdır. Son hadisələrin gedişini analiz edərək belə bir qənaəti bölüşürəm. Azərbaycan Türkiyə münasibətlərinə yaxından baxdıqda, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistanla əlaqələrin inkişafına nəzər saldıqda da bu yanaşmalar güclənir. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün tarixi Xankəndi şəhərində keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun ən yüksək səviyyədə yenidən dirçəlməsi də bu qənaətimizi möhkəmləndirir. Həmçinin Azərbaycanın güc mərkəzinə çevrilməsi, Ermənistan daxildə gedən proseslər, Bakı və Moskva arasındakı son gərginlik kontekstində baş verənlər əslində Zəngəzur dəhlizinin zaman içərisində həll olunacaq məsələ kimi təsəvvür olunur. Çünki hər bir məsələnin əsası, fundamenti olmalıdır. Baş verən proseslər Zəngəzur dəhlizinin özəyini təşkil edən məsələlərdir. Azərbaycanın həyata keçirdiyi siyasət məhz bu reallıqları özündə ehtiva edir.
 
 
- Dəhlizin nə vaxt və hansı şərtlər daxilində açılacağı ilə bağlı fərqli proqnozlar səslənir. Sizin ehtimallarınız nədən ibarətdir?
 
- Zəngəzur dəhlizi nə vaxt, bu gün-sabah və yaxud iki gündən sonra açılacaq yanaşması artıq prinsipal məsələ deyil. Təbii ki, dəhliz nə qədər tez açılsa bir o qədər yaxşıdır. Amma bunun müstəvisində türk birliyi faktoru, ölkələrin regionda malik olduğu imkanlar əyani şəkildə müşahidə edilir. Eyni zamanda geosiyasi dəyişikliklər açıq şəkildə özünə biruzə verir. Bütün bunlar onu deməyə əsas verir ki, biz yeni reallığın konkret nəticələrini görürük. Bu nəticələrdən biri də məhz Zəngəzur dəhlizidir.
 
- Azərbaycan-Türkiyə və Ermənistan arasında üçlü formatda bir sıra məsələlərin həlli ilə bağlı perspektivlərdən bəhs edilir. Ankaranın bu məsələdə artan fəallığı nə ilə bağlıdır?
 
- Biz dəfələrlə bəyan etmişik ki, regionun təhlükəsizlik arxitekturası və xüsusəndə Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə formatında əməkdaşlıqdan, qarşılıqlı əlaqələrin qurulmasından asılıdır. Rəsmi İrəvan Bakı və Ankara ilə münasibətləri normal şəkildə təşkil edə biləcəksə, özünün dövlət kimi inkişafına nail olacaq. Ermənistan özünün yeni konstitusiyasını məhz bu prinsiplər əsasında formalaşdırcaqsa, bu halda onun gələcəyinə təminat yaranacaq. Ona görə də Ermənistan özünə xaricdən dayaq axtarmaq, yenidən Kremlin çətiri altına girməkdənsə, Azərbaycan və Türkiyə ilə normal siyasət formalaşdırmağa çalışmalıdır.
 
 
- Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinə ehtiyac olduğunu bəyan edib. Bunu konstitusiya islahatlarının anonsu kimi də dəyərləndirirlər. Ermənistanın ədliyyə naziri də iki həftəyə yeni layihə ilə bağlı konstitusiya şurasının qərar verəcəyini açıqlayıb. Amma hələlik yeni konstitusiyanın müstəqillik bəyannaməsinə istinad məsələsi ilə bağlı konkret fikir bildirilmir...
 
- Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması mütləq təmin olunacaq. Başqa bir ölkənin ərazisinə iddiaları özündə ehtiva edən Ermənistan konstitusiyası yaşaya bilməz. Dövlətin konstitusiyasında özü, milli maraqları, gələcəyi haqqında müddəalar yer almalıdır. Erməni tərəfi bunu dərk edib, başa düşəcəksə, o zaman onlar üçün gələcəkdən danışmaq olar. Sözsüz ki, zaman keçdikcə erməni tərəfindən bu istiqamətdə daha çox bəyanatlar eşidiləcək. Bütün bunlar tarixi proseslərin tərkib hissəsidir. Azərbaycan dövləti tərəfindən deyilən, irəli sürülən təkliflərin Ermənistan tərəfindən də qəbul edilir. Çünki bu məsələlər yalnız Azərbaycan üçün deyil, ümumilikdə regionun yaşamaq düsturudur və bölgənin inkişafını təmin edən başlıca məsələlərdir.
 
 
- Ziddiyyət kimi görünən məsələlər nədən ibarətdir?
 
- İddialar var ki, Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşa bilməz və s. Bunlar tamamilə əsassızdır. Azərbaycanın irəli sürdüyü məsələlər bütövlükdə bölgənin inkişafını və qarşılıqlı hörmət anlayışlarını ehtiva edir. Bu prinsiplərə riayət olunacaqsa, istənilən dövlətin bu regionda yaşamaq haqqı təmin ediləcək.
Seçilən
0
24
moderator.az

10Mənbələr