Vüqar Bayramov: “Yeni tarif qərarları Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək”
BRICS-i dəstəkləyən ölkələrə 10%-lik tarif tətbiq olunacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" hesabında deyib.
“BRICS-in ABŞ-a qarşı siyasətini dəstəkləyən istənilən ölkə 10%-lik tarifə məruz qalacaq. Heç kim istisna edilməyəcək”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, iyulun 7-dən başlayaraq ABŞ tariflərin qoyulacağı ölkələrə əvvəlcədən məlumat verəcək.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatları son dövrlərdə tarif siyasətindən daha fəal şəkildə istifadə etməyə meyllidir:

“Əvvəllər qarşılıqlı tariflərin tətbiqi ilə bağlı verilmiş qərarlar, eləcə də bu sahədə baş verən dəyişikliklər göstərir ki, tarif siyasəti hazırda ABŞ-nin xüsusilə rəqib ölkələrə qarşı istifadə etdiyi əsas iqtisadi alətlərdən biridir. Azərbaycan– Amerika Birləşmiş Ştatların münasibətləri kontekstində xarici sərvət dövriyyəsinə nəzər yetirdikdə görünür ki, bu dövriyyədə ABŞ-dan idxal olunan məhsulların payı daha yüksəkdir. Bu baxımdan, ABŞ tərəfindən 10 faizlik tariflərin tətbiqi kimi addımların Bakı və Vaşinqton arasındakı ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərəcəyi ehtimal olunmur. ABŞ bazarına daha çox məhsul daxil olduğuna görə, ümumi ticarət balansında Azərbaycanın ixrac payı məhduddur. Bu səbəbdən, BRICS-lə əməkdaşlıq edən dövlətlərə qarşı tətbiq ediləcək 10 faizlik tariflər belə, Azərbaycanın idxal və ixrac potensialına ciddi təsir göstərməyəcək”.