AZ

Azərbqaycanda uşaq evləri ailə tipli kiçik qrup evlərinə çevrilir

Azərbaycanda dövlət himayəsində olan uşaqların cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədilə müəssisə əsaslı qayğı modelindən ailə tipli qayğı modelinə keçid istiqamətində işlər başlayıb. Ailə tipli kiçik qrup evləri modeli uşaq hüquqlarının qorunması və sosial adaptasiyanın təmin edilməsi üçün mühüm addım sayılır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Report"a bildirib ki, sözügedən məsələ kiçik qayğı mərkəzləri ilə bağlıdır:

"Uşaqların təlim-tərbiyəsi, təhsili, inkişafı ilə bağlı uşaq sayı az olan qrup çərçivəsində fəaliyyət qurulur. Burada ayrılıqda uşaqların fərdi qayğıları nəzərə alınır, psixoloji amillər əsas götürülür. Eyni zamanda, ailə mühitində olduğu kimi hər bir uşaq ayrı-ayrılıqda qayğı görür. Bununla onlar bir birinə qarşı fərqli münasibət sərgiləyə bilərlər".

M.Zeynalovanın sözlərinə görə, bu modelin əsas mahiyyətlərindən biri də hər bir uşaqla fərdi ünsiyyət qurulması və onun qayğılarını öz dilindən eşitməkdir:

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Ümumi uşaq evlərində 1000 nəfərin hamısını eşitmək mümkün olmur. Özümüz bilirik ki, bəzi müəssisələrdə daha çox aktiv uşaqlar diqqət mərkəzində olur və yaxud davranışında gərginlik olanlar diqqət mərkəzində saxlanılır. Uşaqların hamısına eyni vaxtda eyni qayğını və diqqəti göstərmək mümkünsüzdür. Amma kiçik tipli müəssisələrdə bu mümkündür və uşaqlar özlərini daha rahat hiss edirlər. Bütün bunların hamısı uşaqların rahatlığı və inkişafı baxımından nəzərdə tutulur".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, "ailə tipli kiçik qrup ev modeli" uşaqların daha az uşaqlı ailəyə bənzər bir mühitdə baxıldığı bir qayğı modelidir:

“Bu, çox müsbət bir haldır. Sözügedən modeldə uşaqların fərdi ehtiyaclarına daha çox diqqət yetirilir və onlar daha isti ailə mühiti ilə təmin edilir. Bu model uşaqların sosial və emosional inkişafı üçün ənənəvi böyük uşaq müəssisələrindən daha uyğun mühit təmin edə bilər. Kiçik qrup evləri uşaqların inkişafına, təlim-tərbiyəsinə, şəxsiyyət kimi formalaşmasına daha münbit şəraitin yaradılması deməkdir”.

Hicran Hüseynova
Hicran Hüseynova

Deputat əlavə edib ki, beynəlxalq təcrübədə bu model artıq mövcuddur:

“Bir sıra Avropa ölkələrində, Türkiyədə fəaliyyət göstərən ailə tipli kiçik qrup ev modelinin əsas xüsusiyyətləri var. Belə ki, adətən 6-12 uşaqdan ibarət qrupla işləyirlər, uşaqların fərdi ehtiyaclarına daha çox diqqət yetirilir. Uşaqlara evə bənzər bir mühitdə baxılır, qayğı göstərilir. Bundan başqa, uşaqların sosial və emosional inkişafını dəstəkləyir, təhsil və tədrisdən kənar fəaliyyət uşaqların yaş və inkişaf səviyyələrinə uyğun təşkil edilir. Bu model uşaq evləri və ya uşaq evləri kimi müəssisələrdə qalan uşaqlar üçün daha uyğun bir alternativ ola bilər”.

Sosial Xidmətlər Agentliyindən isə "Report"a bildirilib ki, ötən il uşaq evləri Əmək və Əhalinin Sosial Müdafiəsi Agentliyinin hüquqi idarəetməsinə verilib. Bundan sonra müəssisə əsaslı qayğı modelindən ailə tipli qayğı modelinə keçid istiqamətində əsaslı işlər aparılır:

“Bu istiqamətdə həm uşaqların himayədar ailələrdə böyüməsi üçün tədbirlər görülür, həm də himayəyə və ya övladlığa verilə bilməyən uşaqların ailə mühitinə uyğun kiçik qrup evlərinə yerləşdirilməsi həyata keçirilir. Hazırda Agentliyin tabeliyində olan 8 uşaq müəssisəsindən 2-si kiçik qrup evi formatında fəaliyyət göstərir. Daha bir uşaq evinin bu formata uyğun əsaslı təmirinə başlanıb. Qalan 5 uşaq evinin də mərhələli şəkildə ailə tipli kiçik qrup evlərinə transformasiyası planlaşdırılır”.

Agentlikdən həmçinin bildirilib ki, belə mühit uşağın gündəlik həyat bacarıqlarının formalaşmasına, sosial adaptasiyasına və ailə modelini öyrənməsinə şərait yaradır:

“Beynəlxalq təcrübə göstərir ki, valideyn himayəsindən məhrum uşaqlar üçün ən uyğun mühit ailə tipli kiçik qrup evləridir. Belə mühit uşağın gündəlik həyat bacarıqlarının formalaşmasına, sosial adaptasiyasına və ailə modelini öyrənməsinə şərait yaradır. Məhz bu səbəbdən Azərbaycanda da bu modelin tətbiqinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür”.

Seçilən
0
18
report.az

10Mənbələr