Tayvan nəhayət ki, 1950-ci illərin sonlarında yaradılmış F-5 qırıcılarını istismardan çıxarıb.
Herbiand.az bildirir ki, bu barədə “Defense Express” məlumat yayıb.
İyulun 4-də bu təyyarələrin 60 illik xidmətinin təntənəli başa çatması mərasimi olub. Mərasimdə beş kəşfiyyatçı RF-5E son uçuşunu və enişini həyata keçirib.
Analitiklər qeyd ediblər ki, Tayvan Hərbi Hava Qüvvələri üçün bu, həqiqətən əlamətdar bir təyyarədir. Çünki vaxtilə yerli hərbi hava qüvvələrinin əsasını təşkil edib və hətta qismən adanın özündə istehsal edilib.
F-5 ilk uçuşunu 1959-cu ildə edib. Tayvana isə 1965-ci ildə çatdırılmağa başlayıb. Təyyarə amerikalılar tərəfindən dost və varlı olmayan ölkələrə ixrac üçün ucuz və kütləvi istehsal edilən qırıcı kimi yaradılıb. Birinci partiyada Tayvan 92 ədəd tək yerlik F-5A və 23 ədəd iki yerlik F-5B alıb.
F-5 bu illər ərzində modernləşdirməyə məruz qalıb. Lakin, 1990-cı illərin sonundan tədricən istismardan çıxarılmağa başlandı. Bundan sonra Tayvan Hərbi Hava Qüvvələri tədricən Amerikanın F-16, Fransanın “Mirage 2000” və özlərinin istehsal etdiyi F-CK-1 Ching-kuo qırıcılarına keçməyə başladı.
Sonrakı illərdə hələ də xidmətdə olan F-5-lər yalnız pilot təlimi üçün istifadə olunurdu. Sonra tamamilə uçmayan təyyarələr yeni tip qırıcılar kimi kamuflyaj edildi və saxta hədəflər kimi yerləşdirildi.
Bəxtiyar CƏFƏRLİ