BAKI, 7 iyul. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladıb, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.