Türkiyənin rəhbər şəxsləri İraqın şimalında 5 hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.
AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsindəki dağ mağaralarının birində əməliyyat-axtarış tədbirləri zamanı metan qazından təsirlənən 19 türk hərbi qulluqçudan 5-nin həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında şəhidlərin doğmalarına və yaxınlarına, bütün Türk xalqına başsağlığı verib. Dövlət başçısı yaralıların tezliklə sağalmasını diləyib.
Müdafiə Nazirliyinin rəhbərliyi, vitse-prezident Cevdet Yılmaz, TBMM sədri Numan Kurtulmuş, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun, daxili işlər naziri Ali Yerlikaya və başqaları da başsağlığı veriblər.