Rusiya ordusu hücum əməliyyatları zamanı Ukraynanın Zaporojye və Donetsk vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın DeepState analitik layihəsinin yenilənmiş xəritəsində bildirilir.
Analitiklərin Telegram kanalında qeyd olunub ki, söhbət Lobkovoye və Poddubnoye kəndlərindən gedir. Həmçinin işğalçılar bu bölgələrdə yerləşən daha iki yaşayış məntəqəsinin (Stepnoye və Rovnopolye) yaxınlığında da irəliləyiş əldə ediblər.
UNIAN xatırladır ki, dünən Ukraynanın 37-ci Dəniz Piyada Briqadasının əsgərləri Dnepropetrovsk vilayətində yerləşən Dachnoye yaşayış məntəqəsində Ukrayna bayrağını qaldırıblar. Bu kəndin ələ keçirildiyini bir müddət əvvəl ruslar bəyan etmişdi.
Şənbə günü Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” əməliyyat-strateji qruplaşması isə bildirib ki, hazırda Dnepropetrovsk vilayətində Rusiya ordusu ilə döyüşlər aparılmır.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) təhlilinə görə, qarşıdakı aylarda Rusiya qoşunları Pokrovsk şəhərini mühasirəyə alacaq və Donetsk vilayətində Ukrayna qüvvələrinin möhkəmləndirilmiş müdafiə xəttini qərbdən yarmağa çalışacaq.
Qeyd edək ki, ötən həftə Ukrayna Müdafiə Qüvvələri Rusiya Silahlı Qüvvələrinin 8-ci birləşmiş ordusunun komanda məntəqəsinə uğurlu zərbə endirmişdi.
Bizim.Media