“Təəssüf ki, Rusiya ilə Azərbaycanın münasibətlərində müəyyən çətinliklər yaranıb. Amma mən əminəm ki, onlar xalqların maraqları və bizim münasibətlərimizin tarixi nəzərə alınmaqla dinc yolla həllini tapacaq”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Dağıstanın rəhbəri general-polkovnik Sergey Melikov özünün “Telegram” hesabında yazıb.
Onun sözlərinə görə, indiki mürəkkəb dövrdə yaranan vəziyyətdən öz xeyrinə istifadə etməyə, nifaq toxunu səpməyə, qardaş xalqları bir-birinə qarşı qoymaq yolu ilə Rusiyanı daxildən zəiflətməyə çalışanlar tapılacaq.
“Dağıstanda buranı öz evi hesab edən xeyli azərbaycanlı yaşayır. Bizim münasibətlərimiz coğrafi yaxınlıqdan qat-qat artıqdır və tarixi, qohumluq əlaqələrini, mədəniyyəti əhatə edir. Azərbaycanlılar Dağıstanın köklü xalqıdırlar. Lakin indiki vəziyyətdə bizi təxribata çəkə, sonradan utanacağımız hərəkətlərə sövq edə bilərlər,- Melikov vurğulayıb.
O, üzünü Dağıstan və Azərbaycan xalqlarına tutaraq, təxribatlara uymamağa çağırıb: “Təxribatlara uymayın, məişət millətçiliyi səviyyəsinə enməyin! Ancaq rəsmi məlumatlara inanın. Biz birlikdə çox şeylərdən keçmişik, bundan da keçəcəyik”.