Mingəçevirdə - stadionda çalışan əməkdaşlar bir neçə aydır əməkhaqqı ala bilmirlər.
Onlar bununla bağlı “Xəzər xəbər”in “qaynar xətt”inə müraciət ediblər.
Şikayətçilər bildiriblər ki, Yaşar Məmmədzadə adına stadionda gözətçi, fəhlə, bağban işləyən səkkiz nəfər 2-3 aydır maaş üzünıə həsrət qalıblar.
Rəhbərliyə müraciət edəndə isə, onlara büdcədə pul olmadığı cavabı verilib.
Qüdrət Məmmədov, gözətçi: “Stadionun müdirinə müraciət etmişdik. Deyir, pul yoxdur, “yuxarıdan” pul köçürməyiblər deyə, maaşları verə bilmirik. Aylıq əməkhaqqı 363-365 manatdır. Üç aydır maaş almıram, bizə bir gün ağlayan yoxdur”.
Ruhin Əliyev, fəhlə: “İki aydır, artıq üçüncü aya keçib. Maaş ala bilmirəm. İşə başlayanda deyilmişdi ki, 1-2 güc gecikmə ola bilər. Ancaq belə olacağını bilmirdim. Ayda 362 manat almalıyam”.
Stadionun direktoru Akif Hüseynovun məsələyə münasibəti belə olub:
“Stadion təsərrüfat hesablıdır. Bəli, onlar iki aydır maaş almırlar. Məvacibləri veriləcək. Pul olmalıdır ki, ödəniş edə bilək.
Stadion büdcədən maliyyələşmir. Yay aylarıdır, futbol yoxdur. Gərək futbol oynanılsın, ödəniş edilsin, biz də maaşları verək”.
HƏBİB / SPORTİNFO.AZ