Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Belə ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
AzEdu.az Təhsil Portalı olaraq, Dövlət İmtahan Mərkəzinin icazəsi ilə abituriyentlərin imtahan günü yaşadığı sevinc və həyəcan dolu anlara şahidlik etmək üçün Nəsimi rayonu, 54 nömrəli məktəbdə olduq.
Məktəbin həyətinə daxil olan zaman bir şagird (oğlan) əlindəki buraxılış vərəqəsini polisə təqdim edərək içəri buraxıldı. Lakin bir dəqiqə çəkməmiş oğlan geri qayıtdı. Polisə yaxınlaşıb danışdığı zaman eşitdik ki, o, məktəbi səhv salıbmış. Təlaşla yoluna davam etdi.
Biz məktəbə daxil olduq. Şagirdlər növbə ilə yoxlanılma prosesinə cəlb edilirdi. Məktəbə daxil olan andan qız şagirdlərin say üstünlüyü diqqətimizi çəkdi. Hər zamankı hallardan fərqli olaraq yoxlama zamanı oğlan şagirdlərin üzərindən qeyri-adi əşyalar aşkar edilmədi. Qız şagirdlərin üzərindən isə eynək, ətir, broşka, salfetka, saqqız, konfet və gel qələm aşkar edildi.
Saat 10:00 – İmtahan başladı.
Məktəb binasını, eləcə də həyətini dərin sükut bürüdü.
İmtahan prosesi ilə bağlı daha dəqiq məlumat almaq üçün ümumi imtahan rəhbərinə yaxınlaşdıq.
Ümumi imtahan rəhbəri Heybət Ulduzov qeyd etdi ki, imtahanda 242 abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 180-i qız, 62-si isə oğlan şagirdləridir. Lakin bu abituriyentlərdən 2-si (qız) gecikib. “10:15-ə qədər gəlsələr, imtahana buraxılacaqlar. Lakin geciksələr, daxil ola bilməyəcəklər”, – deyə rəhbər bildirdi.
İmtahan rəhbəri Elşad Əlizadə isə bildirib ki, imtahan şəffaf qaydada həyata keçirilib:
“Belə ki, saat 10:00-dan etibarən imtahan başlayıb. 3 saat müddətində davam edəcək. Hər hansısa qayda pozuntusu aşkar edilməyib.”
Qızlardan biri böyük həyəcan və sevinclə pilləkənlərə doğru addımladı. Görünür, toplayacağı nəticədən artıq əmin idi.
Məktəbin həyətində dayanan valideynlər abituriyentlərdən daha çox həyəcanlı görünürdülər.
Təəssüratlarını bizimlə bölüşmələri üçün bir-bir onlara yaxınlaşdıq.
Elnurə Qədirovanın valideyni Sərvər Qədirov qeyd edib ki, qızı III ixtisas qrupu üzrə imtahan verir:
“Buraxılışda 206 bal toplayıb. Arzusu hüquqşünas olmaqdır. Qızım BDU və yaxud DİA-da təhsil almağı düşünür. Ümid edir ki, bu imtahandan 350 bal toplayacaq. Bir ata kimi həyatda hər zaman xoşbəxt olmağını arzulayıram. Neçə bal toplamasından asılı olmayaraq, özünü hər zaman yaxşı hiss etsin. Bütün abituriyentlərə də uğurlar arzu edirəm.”
Valideyn Ülviyyə Məmmədli isə bildirib ki, bu gün qızı Həcər Qurbanlı üçün buradadır:
“Qızım buraxılış imtahanından 264.8 bal toplayıb. III ixtisas qrupuna hazırlaşır. 1-ci qəbul imtahanında isə 277.7 bal toplayıb. Bugünkü imtahandan 40 bal artıq toplamaq istəyir. Daha çox DİA-da təhsil almağı düşünür. Dövlət və ictimai münasibətlər, politologiya, tarix və s. ixtisasları seçməyi qərarlaşdırıb. Ana kimi həyəcanlıyam və arzu edirəm ki, qızım həyəcanlanmasın. Burada oturub yalnız dua edirəm. İnşallah ki, bu şans imtahanı qızıma şans gətirər.”
Həmişə olduğu kimi, bu imtahanda da nəvəsinin həm sevincinə, həm də həyəcanına şahid olmaq üçün nənələr də iştirak edirdi. Onlardan biri Xalidə Atayevanın nənəsi Sevinc Ələkbərovadır. Onun sözlərinə görə, nəvəsi III ixtisas qrupuna hazırlaşır:
“Nəvəm ibtidai sinif müəllimi olmaq istəyir. O, ötən imtahanda ümumilikdə 419 bal toplamışdı. Yaxşı oxuyan, potensiallı uşaqdır. Bir nənə kimi, böyük həyəcan keçirirəm. Belə danışmağıma baxmayın, ürəyim bu dəqiqə uşağın yanındadır. Mənim belə loqom var – elə onu nəvəmə arzu edirəm: “Xəyallarımda olan həyatımda gerçək olsun”.”
Yeri gəlmişkən, ümumi imtahan rəhbərindən aldığımız məlumata görə, gecikən 2 abituriyent imtahana gəlməyib.
Sakitlik yenidən hökm sürdü. Saat 11:30. İmtahan rəhbəri bu vaxt pilləkəndən düşərək həkim və tibb bacısına yaxınlaşdı. 2-ci mərtəbədə bir şagird özünü yaxşı hiss etmirdi. Biz də dərhal yuxarı qalxdıq. Abituriyent (qız) imtahanda həyəcanlandığına görə halı pisləşmişdi. Həkim və tibb bacılarının yardımı ilə şagird özünü yaxşı hiss edib təkrar imtahan otağına daxil oldu.
Həkim və tibb bacısından aldığımız məlumata görə, ciddi bir hal yox idi. Şagird sadəcə həyəcandan özünü pis hiss edib.
Saat 12:01 – Budur, 2 şagird imtahan suallarını cavablandırıb məktəbi tərk etdi. Açıqlama vermək istəməsələr də, ümumi olaraq imtahanın normal keçdiyini bildirdilər.
179 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nəzrin Babayeva qeyd edib ki, imtahan yaxşı keçib:
“Əvvəlki qəbula nisbətən daha yaxşı yazmışam. Ən çətin Azərbaycan dili idi. Çünki tapşırıqlar içərisində cədvəllər çox idi. Buraxılışdan 180, qəbuldan isə 208 bal toplamışdım. Bugünkü imtahandan da 200-dən yuxarı bal toplayacağımı düşünürəm. BDU-da Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirəm.”
III ixtisas qrupu üzrə imtahan verən Amin Əliyevin sözlərinə görə, bəzi suallar çətin olub:
“İmtahan normal idi. Düşünürəm ki, bəzi suallardakı çətinlik daha yaxşı oxumamağımla bağlıdır. I qəbulla müqayisədə bugünkü imtahanda sanki daha cilalanmış suallar var idi. Lakin mənə görə 1-ci qəbul daha yaxşı idi. Bu imtahandan 250–300 arası bal toplayacağımı gözləyirəm. Həm buraxılış, həm də qəbuldan 283 bal yığmışdım. Gələcəkdə polis olmaq istəyirəm.”
98 nömrəli tam orta məktəbin məzunu Mədinə Məmmədova qeyd edib ki, imtahan heç də çətin olmayıb:
“İmtahan rahat keçdi. Demək olar ki, bütün məsələləri rahatlıqla həll etdim. Digərlərinə nisbətdə Azərbaycan dili fənni düşündürücü idi. Buraxılışdan 243 bal, 1-ci qəbuldan isə 260 bal toplamışdım. Bu imtahandan 300–320 bal gözləyirəm. BDU-nun Tarix müəllimliyi ixtisasına qəbul olmaq istəyirəm.”
Şagirdlərlə söhbətlərimizdən məlum olur ki, imtahan ümumilikdə çətin olmayıb. Ən çox qeyd edilən məqam isə Azərbaycan dili fənninin digərlərinə nisbətdə daha düşündürücü keçməsi idi. Digər diqqətçəkən məqam isə imtahanda iştirak edən qız şagirdlərinin say üstünlüyü olub.
Foto: Məltəm Anar