AZ

Azərbaycanın kredit reytinqi “Moody’s” tərəfindən investisiya səviyyəsinə yüksəldildi » AzadMedia.az


İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Facebook səhifəsində qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Nazirin paylaşımında bildirilir ki, “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasına yüksəldib. Bu qərar əsasən qeyri-neft-qaz sektorunun inkişafı, bu sahədən əldə edilən gəlirlərin artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının azalması ilə izah olunur.

Nazir qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik, fiskal dayanıqlıq, azad edilmiş ərazilərin bərpası və bu bölgələrdəki iqtisadi potensialın dövriyyəyə daxil edilməsi təmin olunub. Azərbaycanın strateji nəqliyyat habı kimi artan əhəmiyyəti isə ölkənin sosial-iqtisadi perspektivlərini daha da genişləndirir.

Bank-maliyyə və monetar sahələrdə həyata keçirilən sistemli islahatlar, büdcə qaydalarının tətbiqi, vergi və satınalmalar sahəsində şəffaflığın artırılması, rəqəmsallaşma, habelə strateji valyuta ehtiyatlarının artması Azərbaycanın beynəlxalq reytinq göstəricilərinə müsbət təsir göstərib.

Mikayıl Cabbarov onu da vurğulayıb ki, investisiya və biznes mühitinin keyfiyyətinin yüksəldilməsi sayəsində xarici investorlar üçün cəlbedicilik artır, iqtisadi şaxələnməni təmin edən iri investisiya layihələrinin icrası üçün əlverişli zəmin formalaşır.

Mənbə: Moody’s reytinq xəbəri


-https://x.com/mikayiljabbarov/status/1941757105616171023?s=48&t=Wqr_O4H8nc3ho7jOxA2V4A
Seçilən
1
50
azadmedia.az

10Mənbələr